APA-nın “Azərtac” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Əvvəlcə M. Əliyeva və muzeyin prezidenti xanım Covanna Melandri arasında görüş olub.
Görüşdə “Bakıya uçuş” sərgisinin Romada keçirilməsindən məmnunluq ifadə edilib, bu sərginin Azərbaycanla İtaliya arasında mədəniyyət sahəsində əməkdaşlığa töhfə olduğu vurğulanıb. Bundan əlavə, MAXXİ Milli Müasir İncəsənət Muzeyi ilə Heydər Əliyev Mərkəzi arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Sonra M. Əliyeva muzeylə tanış olub. Qeyd edilib ki, avanqard, qeyri-ənənəvi üslubda yaradılan bina 2010-cu ilin iyununda istifadəyə verilib.
Daha sonra M. Əliyeva və L. Əliyeva “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisinin rəsmi açılışında iştirak ediblər.
Muzeyinin prezidenti C. Melandri Azərbaycanın birinci xanımının tədbirdə iştirakını məmnunluqla qeyd edərək sərginin təşkilatçılarına minnətdarlığını bildirib.
L. Əliyeva mərasimdə çıxış edib. O, “Bakıya uçuş” sərgisinin bu dəfə dünya memarlığının şah əsəri - Romada açıldığını vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, müsəlman Şərqində ilk dəfə 1918-ci ildə qadınlara seçib-seçilmək hüququ Azərbaycanda verilib, müsəlman qızları üçün ilk dünyəvi məktəb Bakıda açılıb, Şərqdə ilk opera və balet də Azərbaycanda səhnələşdirilib. “İyirmi ildən çoxdur müstəqil olan ölkəmiz hazırda sürətlə inkişaf edir”, - deyən L. Əliyeva Azərbaycanın artıq ilk peykini səmaya buraxdığını diqqətə çatdırıb. L. Əliyeva “Bakıya uçus” sərgisinin əhəmiyyətindən də danışıb: ““Bakıya uçuş” sərgisi mənim üçün çox mühüm və doğmadır. İncəsənət həmişə həyatımın mühüm bir hissəsi olub. Çox şadam ki, bu sərgi dünya ictimaiyyətinə Azərbaycanın müasir incəsənəti barədə daha dolğun məlumat verə bilər. Digər binaya keçəndə siz 21 rəssamın əl işlərini görəcəksiniz. Bunların bəziləri artıq özlərini təsdiq etmiş, digərləri isə hələ gənc və perspektivli rəssamlardır. Burada yüzdən artıq əsər təqdim olunur. Bunların arasında videolar, installasiyalar, fotoşəkillər, performanslar və heykəllər də var. Sərgi başlayandan biz Avropanın bir çox şəhərində – London, Paris, Berlin, Moskvada olmuşuq. Qarşıda bizi hələ daha çox gözəl şəhərlər gözləyir. Lakin səmimi deməliyəm ki, Romada olmaq xüsusi hisslər yaradır”.
Sərginin kuratoru Erve Mikaelof burada təqdim edilən əsərlərin orijinallığından danışıb. Azərbaycanda çoxlu istedadlı gənclərin olduğunu vurğulayan E. Mikaelof bu gənclərin istedadının sərgi vasitəsilə bütün dünyaya təqdim edildiyini bildirib.
Daha sonra “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi ilə tanışlıq olub.
Sərgidə Altay Sadıxzadənin, Aida Mahmudovanın, Əliyar Əlimirzəyevin, Rəşad Ələkbərovun və başqalarının əsərləri nümayiş olunur.
Sərgiyə gələn qonaqlara buradakı rəssamların əsərlərinin bukletləri, “Baku” jurnalının, “Əli və Nino” əsərinin ingilis dilli versiyası, Azərbaycan haqqında videoçarxın olduğu disklər hədiyyə olunur. Sərgi martın 26-dək davam edəcək.
Martın 5-də axşam Romada “Bakıya uçuş” sərgisində iştirak edən qonaqların şərəfinə ziyafət verilib.