Bakı. Xanım Nağıyeva - APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti, muğam ifaçısı Mənsum İbrahimov “Qarabağ” muğam ansamblı ilə birgə Avstriyada konsert proqramı ilə çıxış edəcək.
Bu barədə APA-ya məlumat verən M.İbrahimov deyib ki, konsert 22 və 24 fevral tarixlərində baş tutacaq. Xeyriyyə məqsədi daşıyan hər iki konsertdən əldə olunan gəlir Cənubi Azərbaycanda zəlzələdən zərər çəkənlərə sərf olunacaq.
M.İbrahimovu “Qarabağ” muğam ansamblında əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov, musiqiçilər Kamran Kərimov, Coşqun Sadıqov və gənc xanəndə Arzu Əliyeva müşaiyət edəcəklər.
Muğam ifaçısı bildirib ki, konsert proqramı bir günlük nəzərdə tutulsa da, biletlərin vaxtından əvvəl satılması səbəbi ilə bir gün də əlavə olunub.