Bakı. Fərid Mirzəyev – APA. Nizami Kino Mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin göstərişinə əsaslanaraq AF.Media – Azərbaycan şirkəti ilə birgə türk filmlərinin Azərbaycan dilində subtitrlərlə nümayişinə başlayıb.
Nizami Kino Mərkəzindən APA-ya verilən xəbərə görə, bundan sonra qeyd olunan şirkətin təqdim etdiyi bütün filmlər Azərbaycan dilində subtitrlərlə göstəriləcək: “Bu yenilik, digər ölkələrin distribyutorları ilə planlaşdırılan danışıqlardan sonra kinoprokata daxil olan Amerika, Avropa və Rusiya filmlərində də əksini tapacaq”.
Məlumatda qeyd olunur ki, yeni sezonda Kino mərkəzdə rəsmi tədbirlərlə yanaşı, Beynəlxalq Film Festivallarının, Kino Həftələrin, Film Təqdimatları və Qala Gecələrin, Yeni il və Novruz bayramı şənliklərinin və artıq ənənəyə çevrilmiş xeyriyyə aksiyalarının keçirilməsi planlaşdırılıb.