Bakı. Ülkər Qasımova – APA. Yanvarın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ü.Hacıbəylinin yaradıcılığına xüsusi yeri olan bu operanın ilk tamaşası 1912-ci il mayın 18-də Opera və Balet teatrının binasında keçirilib. Operanın Azərbaycan xalq dastanının motivləri əsasında yazılmış librettosunun müəllifi də Ü.Hacıbəylidir.
Yeni quruluşun rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, musiqi rəhbəri və dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.
Premyera tamaşasında əsas partiyaları Opera və Balet Teatrının gənc solistləri, respublika muğam müsabiqəsinin laureatları Vüsalə Musayeva (Əsli) və İlkin Əhmədov (Kərəm) ifa edəcəklər. Tamaşaçılar növbəti tamaşalarda həmin partiyaları Arzu Əliyeva və Elnur Zeynalovun ifasında da seyr edə və dinləyə biləcəklər. Gənclərlə yanaşı tamaşada həmçinin teatrın təcrübəli solistləri – xalq artisti Şahlar Quliyev (Keşiş), əməkdar artistlər Sabir Əliyev (Şah), Nizami Bağırov (Paşa), solistlərdən Nəzər Bəylərov (Sofi), Mütəllim Dəmirov (Şeyx) və başqaları çıxış edəcək.