Özbəkistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə dostluq konserti keçiriləcək. APA-nın məlumatına görə, konsert mayın 17-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Azərbaycanın Özbəkistanın Səfirliyinin dəstəyi ilə Respublika sarayında baş tutacaq.
Konsert proqramında Özbəkistanın dünya şöhrətli orkestri - Gənclərdən ibarət Simfonik orkestr və Azərbaycanın əməkdar artisti, tarzən Sahib Paşazadə çıxış edəcəklər.
Proqrama Azərbaycanın və dünya musiqisinin inciləri sayılan Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Vasif Adıgözəlovun, Fərhad Bədəlbəylinin əsərləri ifa olunacaq. “Koroğlu” üverturası ilə başlanan konsertdə “Alban rapsodiyası”, “Min bir gecə”, “Sarı gəlin”, “Çaxargah rapsodiyası”, “Qərənfil”, “Şuşa” və başqa əsərlər ifa olunacaq. Tədbirdə Özbəkistanın tanınmış sənətçiləri - Nəsibə Abdullayeva, Masuma Boltabaeva, Erkin Ramazanovun da orkestr ilə ifaları nəzərdə tutulub.