Bunu APA-ya açıqlamasında Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Rasim Balayev ittifaqın işində vergidən yayınmaya görə yaranmış problemə münasibət bildirərkən deyib.
İttifaq katibi qeyd edib ki, bu gün istintaqa çağırılmayıb, lakin bu iş hələ də davam edir: “Hazırda Kino İttifaqının fəaliyyətini yoxlayırlar. Əvvəl vergi yoxlanıldı, vergidə müəyyən problemlər tapıldı, 30 min manatın vergisini ödəmədiyimiz məlum oldu. Biz də ödəyəcəyimizi bildirdik və müəyyən vaxt istədik. Burda gəlib iki nəfər yoxladı və sonra iş Vergilər Nazirliyinin istintaq şöbəsinə verildi. Bir-bir çağırıb hər kəsi dindirirlər”.
R.Balayev onu da bildirib ki, təzminat üçün ittifaqdan heç nə götürülməyib: “Nə var ki, götürüb aparsınlar. Biz bu vergidən imtina etmirik, həqiqətən də ödənilməyib, biz də demişik ki, səhlənkarlıq etmişik, verəcəyik”.
Qeyd edək ki, Vergilər Nazirliyi tərəfindən Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə bağlı cinayət işi açılıb. Nazirliyin müvafiq strukturları tərəfindən Azərbaycan Kinematoqrafçılar İttifaqında 01.06.2009-cu il tarixdən 01.01.2012-ci il tarixədək olan dövr əhatə edilməklə 20.11.2012-ci ildə keçirilmiş növbəti səyyar vergi yoxlaması nəticəsində vergi orqanına bəyannamə təqdim olunmamaqla xeyli miqdar təşkil edən 12373,56 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilmədiyi aşkarlanıb. Faktla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb.