Bakı. Ülkər Qasımova – APA. Fevralın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində C.Verdinin “Trubadur” operasının tamaşası keçiriləcək. Teatrdan APA-ya verilən məlumata görə, operanın professional səviyyəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Opera və Balet Teatrının rəhbərliyi tamaşada iştirak etmək üçün tanınmış vokal sənəti ulduzlarını Bakıya dəvət edib.
Tamaşada əsas partiyalardan birini – Leonora partiyasını ifa etmək üçün Belarusun əməkdar artisti Anastasiya Moskvina dəvət olunub. A.Moskvina dünyanın bir sıra ölkələrində - Tailand, Almaniya, Macarıstan, Şotlandiya, İspaniya, Niderland, İtaliya və Fransada qastrol səfərlərində olub.
Manriko partiyasını isə Rusiyanın əməkdar artisti Avqust Amonov ifa edəcək. A.Amonov dünyanın bir sıra aparıcı teatrlarının – İngiltərə, Finlyandiya, ABŞ, Slovakiya, Yaponiya, Avstriya. Almaniya, İtaliya və b. ölkələrin səhnələrində böyük uğurla çıxış edir.
Tamaşanı Rusiya Federasiyasının əməkdar artisti Konstantin Çudovski idarə edəcək.
Tamaşada həmçinin Azərbaycanın vokal ustaları xalq artisti, Əvəz Abdullayev (Qraf di Luna) və Əməkdar Artist Səbinə Vahabzadə (Azuçena) çıxış edəcəklər.