Xəzər rayonunun Şağan qəsəbəsində yeni inşa edilən Mədəniyyət Mərkəzinin açılış mərasimi olub. APA-nın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak edib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib ki, iki mərtəbədən ibarət Mədəniyyət Mərkəzinin binasının inşasına 2014-cü ildə başlanılıb. Ən yüksək səviyyədə aparılan tikinti işləri nəticəsində Mərkəzdə 200 yerlik tamaşa zalı, kinozal, kinoproyeksiya, qrim otağı, rəssam emalatxanası, musiqi dərnəyi, oxu zalı, kitab fondu, tətbiqi incəsənət, ədəbiyyat, evdarlıq dərnəkləri, rəqs zalı, 41 yerlik amfiteatr, işıq aparatları və səs operator otaqları yaradılıb.
Son illərdə ölkədə mədəniyyətin inkişafı ilə bağlı həyata keçirilən layihələrin bariz nümunəsinə çevrilən bu mədəniyyət ocağının yeni binası, ilk növbədə, zəngin Azərbaycan incəsənətinin, bütövlükdə mədəniyyətinin gənc nəsil arasında təbliği işinə xidmət edir.
Digər tərəfdən, bu hadisə mədəniyyətin inkişafının, onun infrastrukturunun yaradılmasının hər zaman dövlətin diqqət mərkəzində olduğunu göstərir. Belə mədəniyyət obyektlərində istənilən tədbiri yüksək səviyyədə təşkil etmək üçün geniş imkanlar var. Bundan başqa, kollektivin, o cümlədən yaradıcı insanların iş şəraitini müasir tələblər səviyyəsinə çatdırmaq baxımından bu cür layihələr mühüm əhəmiyyət kəsb edir.
Mədəniyyət Mərkəzinin ətrafındakı ərazi abadlaşdırılıb, ağaclar əkilib və yaşıllıq salınıb.
Yeni Mərkəzlə tanış olan Mehriban Əliyeva kollektivə uğurlar arzulayıb.