APA-nın məlumatına görə, şairə Sevinc Akifqızı Lent.az-a bildirib ki, 73 yaşlı şair Alqayıt yanvarın 12-də günorta saatlarında ürək çatışmazlığından vəfat edib. Mərhum bu gün dəfn olunacaq.
Yanvarın 14-də isə həyat yoldaşı Siyaf Xəlilovanın 40 mərasimidir.
Xəlilov Alqayıt Bayram oğlu 1940-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Alqayıt orta məktəbi həmin kənddə bitirdikdən sonra 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsinə qəbul olub. 1967-ci ildə həmin institutun "Dil və ədəbiyyat" şöbəsini bitirib.
1967-ci ildən 1972-ci ilə qədər doğma Daşkənd kənd orta məktəbində müəllimlik edib. 1972-ci ildə "Mingəçevir işıqları" qəzetində işləməyə dəvət olunub. 1974-cü ilə qədər orada fəaliyyət göstərib.
1974-cü ildə yenidən Göyçə mahalına qayıdıb. Basarkeçər (11 iyun 1969-cu ildən Vardenis) rayonunda çap olunan "Bolluq uğrunda" və "Vardenis" qəzetlərində çalışıb. 1979-cu ildən Göygöl rayonunda məskunlaşmış, Göygöl rayon mədəniyyət evində aşıqlar ansamblının bədii rəhbəri kimi fəaliyyət göstərib.
Onun “Qalx ayağa, Azərbaycan" "Yaralı qartal", "Hərbi nəşriyyat", "Seyid Bayram ocağı" "Analı dünyam", "Hərbi nəşriyyat" və digər şeir kitabları var.