Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə Ş.Amiranaşvili adına Milli Muzeydə Azərbaycan mədəni irsini əks etdirən və əldə toxunan Azərbaycan xalçaçılıq məktəbinin Borçalı qolunun nümunələrindən, saxsı, mis, xalq çalğı alətlərinin sərgisi açılıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərgi ARDNŞ-in Gürcüstan nümayəndəliyi, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi və Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyinin təşkilatçılığı ilə «Azərbaycan mədəniyyətinin təbliği» adlı layihə çərçivəsində təşkil olunub.
Tədbiri M.F.Axundov adına Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva açaraq müasir zamanda Gürcüstanda Azərbaycan xalçaçılıq məktəbinin, eyni zamanda milli-musiqi alətlərinin düzəldilməsi, mis və saxsı qabların hazırlanmasının inkişaf etdiyini bildirib: «Məqsədimiz Azərbaycanın mədəni irsini, mədəniyyətini Gürcüstanda təbliğ etməkdir».
Sonra ARDNŞ rəsmisi Şövqi Mehdizadə son illər Tiflisdə milli dəyərlərimizə, o cümlədən Azərbaycan mədəniyyətinə, xalçaçılıq sənətinə ciddi fikir verildiyini qeyd edib. Tədbirdə Gürcüstanın sabiq mədəniyyət naziri Valeri Asatiani, Gürcüstan Dövlət Milli Muzeyinin rəhbəri David Lortkipanidze, Gürcüstan İncəsənət Muzeyinin rəhbəri Lela Cicuaşvili, Gürcüstan Mədəniyyət Nazirliyinin nümayəndələri İamze Qotua, Maka Burçuladze və başqaları çıxış edərək nümayiş etdirilən Azərbaycanın mədəni irs nümunələrinin sənətkarlıq baxımından əvəzsiz nümunələr olduğunu bildiriblər.
Tədbirdə Gürcüstanda yaşayan müxtəlif xalqların nümayəndələri, çoxsaylı qonaqlar, Tiflis və onun ətraf rayonlarından gələn azərbaycanlılar, gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Sərgidə 50-dək nadir Borçalı xalçaları, tar, kaman, saz və digər alətlər, mis və saxsı nümunələri nümayiş olunub.
Sərgi martın 5-dək davam edəcək.