Bakı. Ülkər Qasımova – APA. Yanvarın 18-də Vergilər Nazirliyinin əməkdaşları Azərbaycan Kinematoqrafçılar İttifaqında axtarış aparıblar.
İttifaqın sədri Rüstəm İbrahimbəyov APA-ya açıqlamasında bildirib ki, ittifaqa gələn vergi mütəxəssisləri bütün sənədləri götürüblər: “Axtarışı nazirliyin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 10 əməkdaşı həyata keçirib. Onlar bütün sənədləri yığıb özləri ilə götürüblər. Deyirlər, bu sənədlər onlara lazımdır və aparmalıdırlar”.
R. İbrahimbəyov vergi yoxlamasının qanunsuz aparıldığını deyib: “Onların ittihamları sübutsuz və qərəzlidir. Bu da gec, ya tez aydın olacaq. Ona görə də narahat deyilik”.
Qurum rəhbəri onu da deyib ki, ittifaqın fəaliyyətini dayandırmaq fikri yoxdur: “İttifaq fəaliyyətini davam etdirəcək”.
Qeyd edək ki, Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən Azərbaycan Kinematoqrafçılar İttifaqında 01.06.2009-cu il tarixdən 01.01.2012-ci il tarixədək olan dövr əhatə edilməklə 20.11.2012-ci ildə növbəti səyyar vergi yoxlaması başlanılıb. Yoxlama nəticəsində vergi orqanına bəyannamə təqdim olunmamaqla xeyli miqdar təşkil edən 12373,56 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilmədiyi aşkarlanaraq, fakt üzrə 27.12.2012-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb.