Bu gün Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Dövlət Film Fondu ilə birgə yenidən bərpa olunmuş “Maestro Niyazi” sənədli filminin təqdimatı keçirilib.
APA-nın xəbərinə görə, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova muzeyin Niyazinin yaradıcılığının təbliği istiqamətində gördüyü işlərdən danışıb.
O qeyd edib ki, filmin bərpası təqdirəlayiq hadisədir: "1975-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş və Azərbaycanın görkəmli musiqi xadimi, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, dirijor və bəstəkar Niyaziyə, onun həyat və çoxcəhətli yaradıcılığına, ictimai fəaliyyətinə həsr olunmuş bir filmin bərpası olduqca əhəmiyyətlidir. Filmin ssenari müəllifləri Svetlana Mirzəyeva və Rauf Nağıyev, rejissoru isə Rauf Nağıyevdir".
Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Cəmil Quliyev bildirib ki, filmdə unikal kadrlar var: "Bu filmin unikallığı ondadır ki, Niyazinin sağlığında çəkilib və burada olduqca unikal təsvirlər var. Həmin unikal səhnələrindən biri Niyazinin Yunus Əmrənin şeirini səsləndirdiyi səhnədir. Biz qərara gəldik ki, filmi bərpa edək, çünki film texniki baxımdan yaxşı deyildi".
Sonra Cəmil Quliyev filmin elektron nüsxəsini muzeyə hədiyyə edib. Təqdimat proqramında Əməkdar artist Nərgiz Kərimova, Vüsal Aydəmirov, Bakı Musiqi Akademiyasının IV kurs tələbələri, Aydan Rüstəmzadə və Günel Rzayevanın ifalarında Maestro Niyazinin əsərlərindən ibarət musiqi proqramı səslənib.
Sonra muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou nümayiş olunub.
Tədbir bərpa edilmiş “Maestro Niyazi” filminin nümayişi ilə davam edib.
Qeyd edək ki, təqdimat görkəmli dirijor və bəstəkar Niyazinin 110 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkil olunub.