Azərbaycanın qiymətli kağızlar bazarı üzrə tvinninq layihəsi yekunlaşıb - FOTO

Azərbaycanın qiymətli kağızlar bazarı üzrə tvinninq layihəsi yekunlaşıb - <span style="color: red;">FOTO
# 21 may 2014 13:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən və Polşanın Maliyyə Nəzarəti Agentliyi tərəfindən həyata keçirilən “Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin AB qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin institusional inkişafı” adlı tvinninq layihəsi yekunlaşıb.

APA-Economics”in məlumatına görə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı deyib ki, layihənin icrası ilə Azərbaycanın qiymətli kağızlar bazarının qlobal bazarlara inteqrasiyası üçün zəruri hüquqi bazanın əsasları formalaşıb. Bundan başqa, qiymətli kağızlar bazarının tənzimlənməsi və bazara nəzarət funksiyasının yerinə yetirilməsi üçün QKDK əməkdaşlarının təcrübəsinin artırılmasına dəstək verilib, AB direktivlərinin tələblərinə müvafiq olaraq təkmilləşdirilmiş yeni tənzimləyici çərçivə barədə qiymətli kağızlar bazarı iştirakçılarına ətraflı məlumat verilib.

R.Aslanlı əlavə edib ki, bu layihə çərçivəsində həyata keçirilən bütün tədbirlər Dövlət Komitəsinin tənzimləmə mühitinə yeni impuls verib: “Əgər ötən il Azərbaycanın qiymətli kağızlar bazarının dövriyyəsi 9 milyard manat idisə, bu ilin ilk dörd ayı ərzində bu rəqəm 5 milyard manat olub”.

AB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Malena Mard isə öz növbəsində bildirib ki, layihənin icraçısı Polşa Maliyyə Nəzarəti Agentliyi olub. O qeyd edib ki, layihə icra olunan dövrdə polşalı mütəxəssislər Azərbaycan qanunvericiliyinin AB qanunvericiliyinə uyğunlaşdırılması istiqamətində çalışıblar. M.Mard layihənin icraçısı kimi Polşanın seçilməsinin təsadüfi olmadığını söyləyib: “Kapital bazarının inkişafı nöqteyi-nəzərdən Polşanın keçdiyi yol Azərbaycanın keçdiyi yola bənzəyir. Buna görə də Avropa İttifaqı üzrə tərəfdaş kimi məhz Polşa seçilib. Layihə ərzində Polşa təcrübəsini öyrənmək və onun Azərbaycanda tətbiq edilməsi çox uğurlu olub”.

Tədbirdə Polşanın Maliyyə Nəzarəti Agentliyi tərəfindən layihə rəhbəri İlona Pijinska-Çerni və layihə rəhbərinin müavini Coanna Lipovçanın “Layihənin nailiyyətləri” mövzusunda təqdimatı olub. Agentliyinin nümayəndəsi Marçin Paçuçki isə “Bazar transformasiyasının əsas elementləri” adlı təqdimatında iqtisadi inkişafa öz töhfəsini verə biləcək kapital bazarlarının səmərəli fəaliyyət göstərməsi və Polşa təcrübəsindən bəhs edib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin institusional inkişaf” tvinninq layihəsi AB tərəfindən maliyyələşdirilib. 20 ay əvvəl icrasına başlanılan layihəyə ümumilikdə 1 mln. avro vəsait ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR