Bu il Azərbaycanda sahibkarlara 165 mln. manata yaxın güzəştli kreditlər verilib

Bu il Azərbaycanda sahibkarlara 165 mln. manata yaxın güzəştli kreditlər verilib
# 14 iyun 2013 12:18 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda Şəmkir rayonunun Düyərli kəndində tədbir keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 100-ə yaxın sahibkarın iştirak etdiyi tədbir çərçivəsində SKMF tərəfindən Şəmkir rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və rayonda prioritet hesab olunan soyuducu anbar kompleksinin, müasir çörək istehsalı, üzümqurutma və meyvə-tərəvəz emalı müəssisələrinin, istixana və üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda Gəncə-Qazax iqtisadi rayonu, o cümlədən Şəmkir rayonu üzrə nəzərdə tutulmuş tədbirlər, sahibkarlığın inkişafı istiqamətində görülmüş işlər barədə məlumat veriblər.

Tədbirdə çıxış edən SKMF-ın icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına 1 825 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 164,2 mln. manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 6 600-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir: «İndiyədək Gəncə-Qazax iqtisadi rayonunda 3 050-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 107,7 mln. manat güzəştli kredit verilib».

Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən 53 sahibkara 695,5 min manat güzəştli kredit verilib ki, bu kreditlər əsasən tərəvəzçilik, heyvandarlıq, arıçılıq və digər sahələrin inkişafına yönəldiləcək. Verilmiş kreditlər hesabına 80-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR