Daha bir Azərbaycan bankı ICD-dən kredit cəlb edib

Daha bir Azərbaycan bankı ICD-dən kredit cəlb edib
# 05 noyabr 2013 08:28 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 3 mln. ABŞ dolları məbləğində maliyyə müqaviləsi imzalayıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə bankın ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir.

Müqavilə çərçivəsində cəlb olunacaq vəsaitlər istehsal, ticarət, sənaye, kənd təsərrüfatı və digər sahələrdəki kiçik və orta sahibkarların layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.

Qeyd edək ki, 1999-cu il noyabr ayında əsası qoyulan ICD İslam İnkişaf Bankı Qrupunun üzvüdür. Onun əsas səhmdarı qismində İslam İnkişaf Bankı, həmçinin ICD-yə üzv olan 51 ölkə və üzv ölkələrdən olan 5 dövlət maliyyə institutu çıxış edir.

«Muğan Bank» ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hazırda bankın ölkə ərazisində 30 filialı və 5 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə xidmət göstərir. «Muğan Bank» ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın «WorldBusiness Capital» (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC) və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR