Milli Şurada təmsil olunan partiya və hərəkat rəhbərlərinin toplantısı keçiriləcək

Milli Şurada təmsil olunan partiya və hərəkat rəhbərlərinin toplantısı keçiriləcək
# 08 yanvar 2014 13:14 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Şuranın sədri Cəmil Həsənli sabah qurumda təmsil olunan partiya və hərəkatların rəhbərləri ilə ümumi görüş keçirəcək.

Bu barədə APA-ya C. Həsənli məlumat verib.

Müsavat Partiyası Milli Şuranı tərk etdikdən sonra yaranmış vəziyyətin müzakirə olunacağı görüşün keçiriləcəyi yer hələ müəyyənləşməyib. C. Həsənli görüşdə Milli Şuranın növbəti sessiyasının vaxtın da dəqiqləşəcəyini qeyd edib. O, Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri postundan istefası ilə bağlı ərizənin də sessiyada müzakirə olunacağını nəzərə çatdırıb.

Milli Şura sədri deyib ki, dünən və bu gün partiya və hərəkat sədrləri, o cümlədən Milli Şurada təmsil olunan QHT təmsilçiləri və ziyalılarla ayrı-ayrılıqda görüşlər keçirilib, yaranmış vəziyyətlə bağlı ümumi fikir mübadiləsi aparılıb. O bu görüşlərdə əldə olunan ilkin nəticənin açıqlanmasının hələlik tez olduğunu söyləyib: “Yekun nəticələr bir-iki gün ərzində açıqlanacaq”.

C. Həsənli Müsavat Partiyasının Milli Şuranı tərk etməsinə isə yenidən münasibət bildirmək istəməyib.

Qeyd edək ki, o, mətbuata açıqlamasında Milli Şuranı tərk edən Müsavat Partiyasına uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR