Azərbaycanda “Torpaqların Elektron Uçotu İnformasiya Sistemi”nin yaradılması ilə bağlı podratçı seçiminə başlanılıb

Azərbaycanda “Torpaqların Elektron Uçotu İnformasiya Sistemi”nin yaradılması ilə bağlı podratçı seçiminə başlanılıb
# 27 avqust 2015 11:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda “Torpaqların Elektron Uçotu İnformasiya Sistemi”nin (informasiya sistemi) yaradılması ilə bağlı proqram təminatının hazırlanması üçün podratçının seçilməsi prosesinə başlanılıb.

Bu barədə “APA-Economics”ə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) məlumat verilib. Komitə tərəfindən keçirilən təkliflər sorğusu haqqında bildirişdə göstərilir ki, seçiləcək podratçı mütərəqqi informasiya texnologiyalarına əsaslanan informasiya sisteminin proqram təminatını hazırlamalı və onun fəaliyyəti üçün tələb olunan kompüter avadanlıqlarına dair minimal tələbləri müəyyən etməlidir. Bu işləri görmək iqtidarında olan hüquqi şəxslər iştirak edə bilərlər. Podratçının görəcəyi işlər haqqında ətraflı məlumat əsas şərtlər toplusunda verilir.

Təkliflər sorğusu çərçivəsində təqdim edilən təkliflərə müvafiq sorğu sənədləri, o cümlədən təklifin forması və qiymət cədvəli əlavə edilməlidir. Proqram təminatının hazırlanması ilə bağlı işlər üçün yalnız bir qiymət təklifi təqdim edilməlidir. Görüləcək işlərin qiyməti vergi və qanunvericilikdə nəzərdə tutulmuş digər xərclər daxil olmaqla Azərbaycan manatı ilə göstərilməlidir.

Təkliflər sorğusu ilə bağlı təklif tələb olunan formada hazırlanaraq, üzərində hüquqi şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 07 sentyabr 2015-ci il, saat 17.00-dək AZ1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 (otaq 805) ünvanına təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.

Təkliflər Sorğusunun Əsas Şərtlər Toplusunu əldə etmək və hər hansı əlavə məlumat almaq üçün iddiaçılar 6-cı maddədə göstərilən ünvana müraciət edə bilərlər. Telefon: 490 24 08 (əlavə 123 və 242), faks: 490 33 59.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR