Bakıda məscidi yandıran şəxsin barəsində çıxarılan hökmdən protest verilib

Bakıda məscidi yandıran şəxsin barəsində çıxarılan hökmdən protest verilib
# 08 iyun 2016 07:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Qaraçuxur qəsəbəsindəki məscidə partlayıcı vasitə atmaqda təqsirləndirilən Namiq Nəsibovun barəsində olan hökmdən prokurorun verdiyi apellyasiya protesti əsasında məhkəmə başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyunun 23-ə təyin edilib.


Qeyd edək ki, 2014-cü il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən «Cümə» məscidi yandırılıb. Hadisəni törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılıblar. Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında PKK terror təşkilatının nəzarətində olan Suriya ərazilərində döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə PKK terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamağa başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Ələkbərov 15 il müddətinə azadlıqdan məhrum edilib. Namiq Nəsibov isə məcburi müalicəyə göndərilib. Hökmdən E. Ələkbərovun vəkili Namiq Hacıyev apellyasiya şikayəti verib. O, şikayətində müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayətinə yaxın günlərdə baxılacaq. Dövlət ittihamçısı isə digər təqsirləndirilən Namiq Nəsibov barəsində olan hökmdən apellyasiya protesti verib. Prokuror protestində həmin şəxsin barəsində olan məhkəmə hökmünün ləğv edilməsini və onun azadlıqdan məhrum edilməsini istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR