Türkiyədə nəşr olunan "Koroğlu" dərgisi iyul nömrəsini Azərbaycan yazarına həsr edib

Türkiyədə nəşr olunan "Koroğlu" dərgisi iyul nömrəsini Azərbaycan yazarına həsr edib
# 01 iyul 2016 09:46 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türkiyənin Əskişəhər şəhərində çıxan “Koroğlu” ədəbiyyat dərgisi iyul nömrəsini müasir Azərbaycan nəsrinin tanınmış nümayəndəsi Eyvaz Zeynalova həsr edib.

APA-nın məlumatına görə, dərgidə Eyvaz Zeynalovun təcümeyi-halı və 5 hekayəsi çap edilib.

Qulu Ağsəsin Eyvaz Zeynalovun eyni adlı romanına həsr edilmiş “Bələdçi” ilə 240 səhifə” və İlqar Rəsulun “Eyvaz Zeynalov” adlı məqalələri, “Eyvaz Zeynalov Frankfurt beynəlxalq kitab yarmarkasında” adlı yazı “Koroğlu” dərgisinin iyul nömrəsində oxuculara təqdim edilib.

E. Zeynalov APA-ya açıqlamasında dərginin bir nömrəsinin ona həsr olunmasından məmnun qaldığını deyib: "Keçən ilin noyabrında İstanbuldakı beynəlxalq kitab yarmarkasında İstanbulda çıxan “Eski bisiklet” adlı kitabımın təqdimatı olmuşdu. Ondan əvvəl almana çıxmış kitabım isə Almaniyanın Frankfurt şəhərindəki beynəlxalq kitab yarmarkasında nümayiş etdirilmişdi. Bunlar məni məmnun etsə də, əsas istəyim Azərbaycanda və kitabımın çıxdığı ölkələrdə oxucularımın əsərlərimlə yaxından tanış olması, ədəbi tənqidçilərin əsərlərimi dərindən təhlil etməsidir. Məni oxusunlar, bəyənməyənlər istədikləri kimi tənqid etməkdə sərbəstdirlər”, - o bildirib.

E. Zeynalov yaxın gələcəkdə Türkiyədə və Almaniyada yeni kitablarının çıxacağını da əlavə edib.

Qeyd edək ki, "Koroğlu” dərgisinin redaksiya heyətində Azərbaycanlı yazar Səlim Babullaoğlu da təmsil olunur. Dərgi bundan əvvəlki nömrəsini xalq şairi Sabir Rüstəmxanlının 70 illiyinə həsr edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR