Finlandiya məhkəməsi Baltik dənizində kabel sabotajına görə “Fitburg” gəmisinin rusiyalı kapitanı və gəminin azərbaycanlı üzvü barəsində qərar verib.
“Euronews”un xəbərinə görə, yük gəmisinin kapitanı və Azərbaycan vətəndaşı Finlandiya ilə Estoniya arasında sualtı kabellərdən ikisini sabotaj etməkdə ittiham olunur.
Məhkəmənin qərarına əsasən, kapitan 3 il 6 ay, Azərbaycan vətəndaşı isə 2 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, məhkəmə hər iki şəxsin müştərək olaraq təxminən 1.9 milyon avro dəyərində təzminat ödəməli olduğu barədə hökm çıxarıb.
Qeyd edilib ki, 132 metr uzunluğunda olan “Fitburg” gəmisi 31 dekabr 2025-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərini tərk edib və İsrailin Hayfa limanına doğru hərəkət edirmiş. Bu zaman gəminin lövbərinin Finlandiya körfəzində telekommunikasiya kabellərinə ziyan verdiyi şübhəsi ilə gəmi saxlanılıb. Ümumilikdə 14 heyət üzvü arasında Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycandan olan şəxslər olub.
Gəmi kapitanının apellyasiya şikayəti verəcəyi bildirilib.