Bakı. Ramiz Mikayıloğlu - APA. “Ötən ilin sonundan başlayaraq mənim də müəlliflərindən biri olduğum müxalifətdə fərqli kurs irəli sürülməsinin tərəfdarları ilə həm İsa Qəmbərin, həm də Müsavat Partiyasının taktikasında fərqli mövqelər və fikir ayrılıqları oldu. Bu fikir ayrılıqları bu gün də qalır”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri P. Hüseyn İsa Qəmbərin rəhbərlik etdiyi Müxalifətin Strateji Düşüncə Mərkəzinin (MSDM) son iclasında İ. Qəmbər və Müsavat Partiyasının başqanı Arif Hacılı ilə aralarında sərt polemikanın baş verməsinə münasibət bildirərkən deyib.
İ. Qəmbər və Arif Hacılı ilə şəxsi müstəvidə problemləri olmadığını söyləyən P. Hüseyn A. Hacılını İ. Qəmbərin vəkili adlandırdığını da təsdiq edib, bunun qabardılmasını istəmədiyini qeyd edib. AXP sədri özünün və Müsavat Partiyasının fərqli siyasi kurslarının nədən ibarət olmasına isə aydınlıq gətirməyib: “Hesab edirəm ki, baş verənlər strateji olaraq mənim doğru yolda olduğumu göstərdi. Əlbəttə, müəyyən məsələlərdə mənim də haqlı olmadığım məqamlar oldu. Bu məsələlər davam edir. Doğrusu, hesab etmirəm ki, əsas məsələ müxalifətdaxili proseslərdir. Ona görə də dediklərimiz kifayətdir. Ümid edirəm ki, biz ortaq kursa gələ biləcəyik”.
P. Hüseyn İ. Qəmbərin rəhbərlik etdiyi MSDM-in bundan sonrakı toplantılarında iştirak edib-etməyəcəyinə barədə suala konkret cavab verməyib.