İran prezidenti Qərb ölkələrini tənqid edib

İran prezidenti Qərb ölkələrini tənqid edib
# 09 aprel 2013 09:56 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran prezidenti Mahmud Əhmədinejad Qərb ölkələrini sərt tənqid edib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, M.Əhmədinejad 9 aprel - Milli Nüvə Texnologiyası Günü münasibətilə Tehranda keçirilən mərasimdəki çıxışında bildirib ki, nüvə enerjisindən yararlanmaq bütün xalqların haqqıdır.

İran prezidenti ölkənin nüvə texnologiyanı əldə etməməsi üçün Qərb ölkələrinin maneələrinə toxunaraq, onların hansı xalqın nəyə sahib ola biləcəyi və hansının nəyə sahib ola bilməyəcəyi ilə bağlı mövqeyini tənqid edib: “Axı siz kimsiniz? Dünya bu şəkildə idarə edilə bilməz”.

Qeyd edək ki, bu gün M.Əhmədinejadın iştirakı ilə yerli mütəxəssislərin yeni nailiyyətləri - ölkənin nüvə sənayesini xammalla təmin edəcək 1-ci və 2-ci “Sağənd” uran mədənləri, qətlə yetirilmiş nüvə alimi Daryuş Rzayinejadın adını daşıyan uran oksidi istehsalı ilə məşğul olacaq, tamamilə yerli mütəxəssislər, elm və imkanlar hesabına quraşdırılmış kompleks istifadəyə verilib. Eyni zamanda 5 yeni radioizotop və ilk sənaye katalizatorunun da təqdimatı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR