Bakıda əlillərin problemlərinə həsr olunmuş “Bakı – Məhdudiyyətlərin olmadığı şəhər” adlı konfrans keçirilib

Bakıda əlillərin problemlərinə həsr olunmuş “Bakı – Məhdudiyyətlərin olmadığı şəhər” adlı konfrans keçirilib
# 10 oktyabr 2014 12:07 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışı zamanı konfransın Azərbaycanın ev sahibliyi edəcəyi 2015-ci il Avropa Olimpiya Oyunları ərəfəsinə təsadüf etdiyini vurğulayıb. H. Paşayev həmçinin əlillərin cəmiyyətə inteqrasiya olunmasını asanlaşdıracaq şəraitin yaradılmasının vacib olduğunu qeyd edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə cəmiyyətin bütün üzvləri üçün bərabər şəraitin və hüquqların yaradılmasının önəmli olduğunu önə çəkib. Əvvəllər əlil insanlara münasibətdə tibbi yanaşmaya üstünlük verildiyini deyən nazir məsələnin qanunvericilikdə də öz əksini tapdığını vurğulayıb: "Ancaq indi beynəlxalq ictimaiyyətdə də sosial yanaşmaya xüsusi diqqət ayrılır. Sağlamlıq dərəcəsindən asılı olmayaraq əlil insanların öz hüquqlarından istifadə etməsinə, onların cəmiyyətə inteqrasiya olunmasına xüsusi diqqət yetirilir”.

S. Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq qanun layihəsinin hazırlandığını deyərək layihənin BMT-nin Əlillərin Müdafiəsi Komitəsinə göndərildiyini qeyd edib: “İlk növbədə cəmiyyətin bu insanlara qarşı münasibəti dəyişməlidir. Onlara qarşı “yazığı gəlmək” prinsipi aradan qaldırılmalıdır. Və ən əsası sağlamlığından asılı olmayaraq hər bir şəxs üçün hər şey əlçatan olmalıdır”.

Cəmiyyətin əlil insanlara münasibəti ilə bağlı keçirilən sorğulara diqqət çəkən nazir bildirib ki, əhalinin 25 faizi əlillərə normal münasibət bəsləyir, onların da sağlam insanlarla bərabər hüquqlara malik olduğunu düşünür. Bununla belə S. Müslümov qeyd edib ki, respondentlərin 26 faizi əlil insanlara ayrıca bir təbəqə kimi yanaşdığını və əlillərin onlarda diskomfort hissi yaratdığını bildirib.

“Cəmiyyətdə fiziki cəhətdən əlil insanlara münasibət dəyişməli və infrastruktur onlara uyğunlaşdırılmalıdır. Bu məsələdə dövlət orqanları qanuni aktlara düzgün əməl etməlidir”, - deyə o vurğulayıb.

Fövqəladə Hallar Nazirliyinə məktub göndərildiyini deyən S. Müslümov şəhərsalmada sağlamlığı məhdud olan insanların nəzərə alınmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, layihələndirmədə liftlərin qapılarının genişliyi, panduslar, lazımi yerlərdə oturacaqların quraşdırılması və s. məsələlərə yer ayrılmalıdır.

Ölkədə əlil insanların sayının 532 min nəfər olduğunu söyləyən S. Müslümov 65 min nəfərin uşaq olduğunu bildirib. Nazir əlil insanların 25 faizinin Bakıda yaşadığını və şəhərsalmada buna xüsusi diqqət ayırmağın vacibliyini vurğulayıb. Məsələnin həlli istiqamətində QHT-lərin də üzərinə böyük iş düşdüyünü əlavə edən S. Müslümov hökumətin müvafiq istiqamətdə bütün lazımi addımlar atmağa hazır olduğunu qeyd edib: “Əsas şərt cəmiyyətin bu məsələnin üzərinə getməsidir”.

Sonra UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze çıxış edib. A. Şilakadze əlillərin cəmiyyətə inteqrasiyasının vacibliyini qeyd edərək onların sağlam insanların arasından sıxışdırılmamasının önəmliliyini qeyd edib: “Biz onlara şərait yaratmamaqla, cəmiyyətə ziyan vurmuş oluruq. Biz onların potensialından istifadə etmirik. Onlar fiziki qüsurlarına görə cəmiyyətdəki proseslərdə iştirakdan məhrum olmamalıdırlar, əlil insanlar bəzi sağlam insanlardan daha çox xeyir verə bilərlər”.

A. Şilakadze UNİCEF-in Azərbaycandakı nümayəndəsi təyin olunmamışdan öncə bir neçə dəfə Bakıda olduğunu, ölkəmizdə yeniliklərin, sürətli inkişafın şahidi olduğunu qeyd edib.

“Bakıda gözəl binalar tikilir, ancaq gözəlliklə yanaşı əlyetərlilik də vacib məsələdir. Bununla bağlı xüsusi mexanizm yaradılmalıdır ki, bu işlər layihələndirmə məsələlərində öz əksini tapsın”, - deyə o vurğulayıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynov, millət vəkili Hadı Rəcəbli və Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov da çıxışları zamanı əlillərin cəmiyyətə inteqrasiyası və onların sərbəst hərəkəti üçün lazımi şərait yaradılmasının vacibliyini vurğulayıblar.

UNİCEF-in beynəlxalq eksperti, Kanadanın əməkdar professoru Kolin Hiqqs isə çıxışı zamanı əlil turistlər üçün şəraitin yaradılmasının vacibliyini önə çəkib. Ekspert Bakıda əlillərin hərəkətinin asanlaşdırılması üçün müxtəlif işlərin görüldüyünü bildirib: "Xeyli işlər görülür, ancaq ən xırda məsələ bəzən görülən işləri heçə endirir".

Kanadalı professor infrastrukturun formalaşdırılmasında əlillərin də təkliflərinin nəzərə alınmasının vacib olduğunu deyib.

Tədbirin yekununda Bakının əlçatarlığının artırılması üçün birlikdə çalışmağı nəzərdə tutan niyyət deklarasiyası – “Bakı Əlçatarlılıq Bəyannaməsi" imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR