Şirvan dindarları prezident İlham Əliyevə təşəkkür edib

Şirvan dindarları prezident İlham Əliyevə təşəkkür edib
# 13 aprel 2013 12:36 (UTC +04:00)

Şamaxı – APA. Bu gün Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş «Dövlət-din münasibətləri və maarifləndirmə işi» mövzusunda regional konfransın iştirakçılarının adından bəyanat qəbul edilib.

APA-nın məlumatına görə, bəyanat müəllifləri bildiriblər ki, prezident İlham Əliyevin rəhbərliyi altında milli-mənəvi dəyərlərimizə, tarixi-dini abidələrimizə, eləcə də dini icmaların və din xadimlərinin fəaliyyətinə göstərilən qayğını, bu sahədə həyata keçirilən tədbirləri yüksək qiymətləndirir və dəstəkləyirlər.

Bəyanatda Cənubi Qafqazın ilk məscidi, 1918-ci ildə xalqımıza qarşı həyata keçirilmiş soyqırımı zamanı erməni daşnak-bolşevik hərbi birləşmələri tərəfindən yandırılaraq yerlə-yeksan edilmiş Şamaxı «Cümə» məscidinin Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə bərpa edilərək yenidən qurulması xüsusi vurğulanıb. Bu məscidin bərpası Azərbaycan xalqı, o cümlədən bütün dindarlar üçün təkcə ibadət evinin yenidən qurulması deyil, həm tariximizin, həm milli irsimizin, həm də milli təfəkkürümüzün qorunmasıdır: «Biz dindarlar din sahəsinə göstərilən qayğı ilə yanaşı, Azərbaycanın iqtisadi gücünün artırılmasına, bölgələrin sosial-iqtisadi inkişafının təmin edilməsinə və sosial problemlərin həlli istiqamətində həyata keçirilən ardıcıl tədbirlərə görə də dövlət başçısına təşəkkürümüzü bildiririk. Bölgə dindarları ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq, son dövrlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin digər müvafiq qurumlarla birgə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir. Belə yüksək səviyyəli tədbirlər təkcə dövlət-din münasibətlərinin inkişaf etdirilməsinə, dindarların maarifləndirilməsinə deyil, həmçinin ölkə dindarlarının dövlətə etimadının daha da artmasına xidmət edir. Bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini icmalar üçün təlim kurslarını təşkil etməsi təşəbbüsünü dəstəkləyir və bunun ciddi nəticələr verəcəyinə əmin olduğumuzu bildiririk».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR