Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vidadi Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fəhmin Hümbətov çıxış edib.
Prokuror V. Rzayevin cinayətinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses iyunun 14-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə Yasamal rayonu, Xıdır Mustafayev küçəsində qeydə alınıb. 57 yaşlı Vidadi Rzayev aralarında yaranmış mübahisə zəminində qonşusu, 47 yaşlı Şahin İsgəndərova bıçaqla 9 dəfə zərbə vurub. Şahin İsgəndərov ağır vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb.
Yasamal rayon hüquq mühafizə orqanlarının əməkdaşları V.Rzayevi saxlayıblar.