Hərbi xidmət zamanı dünyasını dəyişmiş əsgərlərin valideynləri mətbuat konfransı keçirib

Hərbi xidmət zamanı dünyasını dəyişmiş əsgərlərin valideynləri mətbuat konfransı keçirib
# 15 mart 2013 15:14 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. Hərbi xidmət zamanı dünyasını dəyişmiş əsgərlərin valideynləri mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, tədbirdə iştirak edən valideynlər övladlarının hərbi xidmətdə qeyri-döyüş şəraitində müxtəlif səbəblərdən dünyalarını dəyişdiklərini deyiblər. Onlar övladlarının ölümü ilə bağlı açılmış cinayət işlərini istintaqının obyektiv aparılmasını istədiklərini bildiriblər.

Mərhum əsgər Elxan Əzizovun atası Bəyalı Əzizov deyib ki, oğlu 2010-cu il yanvarın 28-də Daşkəsəndə güllələnmiş 4 zabitin qətlində günahlandırılır. Lakin hadisənin istintaq materiallarında qeyd edilən formada baş vermədiyini deyən B. Əzizov bildirib ki, əllərində buna dair faktlar var: “İstintaq prosesi tam aparılması və təqsirləndirilən şəxs də öldüyü üçün bu prosesə xitam verildi. İstintaq düzgün qərar qəbul etməyib. Biz buna etiraz edirik. Əlimizdə faktlar da var. Mən yalnız bu prosesin obyektiv araşdırılmasının tərəfdarıyam”.

2011-ci il aprelin 20-də Murovda “N” saylı hərbi hissədə ölən əsgər Elçin Kərimbəylinin atası Əli Kərimbəyli də oğlunun ölümü ilə bağlı açılan cinayət işinin istintaqından narazılığını ifadə edib.

2011-ci il sentyabrın 29-da xəstəlikdən vəfat edən əsgər Eldar Novruzovun atası Qədir Novruzov oğlunun xəstəliyinin gizlədildiyini və buna görə məsuliyyət daşıyan həkimə qarşı açılan cinayət işinin istintaqından narazı qaldığını qeyd edib.

“Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərli isə qeyd olunanlarla bağlı Müdafiə Nazirliyi rəhbərliyinin ünvanına ittihamlar səsləndirib. O, həm də qeyd edib ki, valideynlərin öz hüquqları uğrunda mübarizə aparması sevindirici hal olsa da, bəzi şəxslər şəxsi maraqları naminə bundan istifadə edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR