Masallıda piyadanı avtomobillə vuraraq hadisə yerindən qaçmaqda ittiham edilən Zahid İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Zahid İbrahimov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, hadisə bu ilin yanvar ayında rayonun Çaxırlı kəndində baş verib.
İttihama görə, kənd sakini olan Z.İbrahimov sürücülük vəsiqəsi və idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanı olmadan nəqliyyat vasitəsini idarə edərkən kənd sakini Həsənalı Abasovu vuraraq öldürüb. O, daha sonra hadisə yerindən qaçıb.
İttihama münasibət bildirən şəxs şəhid atası olduğunu deyərək piyadanı görmədiyini, hadisədən sonra “102” və “103” xidmətlərinə məlumat verdiyini bildirib.
Qeyd edib ki, şəxsin öldüyünü bildikdən sonra ora gələn polis əməkdaşlarına hadisəni özünün törətdiyini deməyib və oranı tək edib. Daha sonra polis əməkdaşları onu yaşadığı evdən polis şöbəsinə aparıblar.
Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxs barışıq əldə etmək üçün cəhd göstərməyib.
Məhkəmədə qaldırılan mülki iddia qismən təmin edilib. Təqsirləndirilən şəxsin qarşı tərəfə maddi və mənəvi zərərə görə 15 min manat ödəməsi qərara alınıb.
Z. İbrahimova Cinayət Məcəlləsinin 263-1.3-cü (sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.