2026-cı ilin ilk 8 ayında Azərbaycanda elektron dövlət satınalmaları üzrə 453,7 milyon manata qənaət olunub.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Aparatının rəhbərinin müavini Orxan Məmmədov Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.
Onun sözlərinə görə, hesabat dövründə elektron dövlət satınalmaları üzrə ümumi qənaət göstəricisi 14,14% təşkil edib.
O. Məmmədov qeyd edib ki, bu göstərici elektron satınalmalar nəticəsində təsdiqlənmiş qiymətlərlə ehtimal olunan qiymətlər arasındakı fərqin ehtimal olunan qiymətlərə nisbəti əsasında hesablanır.
Agentlik rəsmisi bildirib ki, 2026-cı ilin yanvar–avqust aylarında keçirilmiş elektron satınalmaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3%, məbləği isə 12,5% artıb.
Həmin dövrdə baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 təşkil edib.
O. Məmmədovun sözlərinə görə, elektron satınalmaların həcminin artması dövlət satınalmalarında rəqəmsallaşma səviyyəsinin yüksəldiyini, satınalma proseslərinin əlçatanlığının artdığını və rəqabət imkanlarının genişləndiyini göstərir.
O, həmçinin bildirib ki, elektron satınalma sənədlərinin imzalanması üçün mövcud vasitələrlə yanaşı, artıq “SİMA İmza”dan da istifadə etmək mümkündür. Bu yenilik sahibkarlar üçün əlçatanlığı artırır və elektron imza vasitələri arasında seçim imkanlarını genişləndirir.
Agentlik rəsmisi əlavə edib ki, dövlət satınalmalarında rəqabət mexanizmlərinin gücləndirilməsi, qiymətlərin optimallaşdırılması və dövlət maliyyə resurslarından səmərəli istifadə əsas prioritetlərdəndir.