Rusiya Müdafiə Nazirliyi Alyaska yaxınlığında nüvə bombardmanı təyyarələrinin qeydə alınmasına münasibət bildirib

Rusiya Müdafiə Nazirliyi Alyaska yaxınlığında nüvə bombardmanı təyyarələrinin qeydə alınmasına münasibət bildirib
# 20 sentyabr 2014 14:52 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Rusiya Müdafiə Nazirliyi Alyaska yaxınlığında Rusiyaya aid nüvə bombardmanı təyyarələrinin qeydə alınması barədə məlumatı şərh edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, nazirlik Rusiya təyyarələrinin Berinq dənizinin akvatoriyası və şimal sahilləri boyunca uçuş zamanı sərhədləri pozmadığını bildirib.

Açıqlamada qeyd olunur ki, Şərqi Hərbi Dairəsinə daxil olan qüvvələrin qəfil döyüş hazırlığının yoxlanılması çərçivəsində iki “Tu-95” strateji raketdaşıyıcısı Berinq dənizi və Alyaskanın şimal sahilləri boyunca uçuş tapşırığı yerinə yetiriblər.

Rusiya Müdafiə Nazirliyindən qeyd ediblər ki, marşrut sahələrindən birində uzaq aviasiyanın ekipajı ABŞ HHQ-nin bir ədəd “F-22 Raptor” təyyarəsi tərəfindən müşayiət olunub: “Rusiya Hərbi-Hava Qüvvələrinin uçuşları neytral sular üzərində hava məkanının istifadəsi ilə bağlı beynəlxalq qaydalara uyğun həyata keçirilib, heç bir başqa dövlətin sərhədləri pozulmayıb”.

Qeyd edək ki, bir az əvvəl ABŞ tərəfindən Rusiyaya aid iki ədəd nüvə bombardmanı təyyarəsinin Alyaska üzərində qeydə alındığı barədə məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR