Bakı – APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Salyan rayonunda Sabirabad, Kürdəmir, Hacıqabul, Neftçala, Şirvan, Saatlı və Salyan rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən APA-ya verilən məlumatına Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 45 vətəndaş iştirak edib.
Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, eləcə də gələcək xidmət yerinin müəyyənləşdirilməsinə dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.
Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.