«Azərkosmos» beynəlxalq keyfiyyət sertifikatı alıb

«Azərkosmos» beynəlxalq keyfiyyət sertifikatı alıb
# 05 fevral 2013 06:40 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın və Qafqazın ilk milli peyk operatoru olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərkosmos» ASC 2013-cü ilin yanvar ayında aparılmış ISO 9001:2008 üzrə auditdən uğurla keçərək beynəlxalq sertifikasiya üzrə aparıcı qurum sayılan «Bureau Veritas» tərəfindən verilən beynəlxalq keyfiyyət standartının uyğunluq sertifikatını alıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, ASC tərəfindən idarəetmə sahəsində aparılan beynəlxalq əməkdaşlıq çərçivəsində 2012-ci il ərzində sözügedən sertifikatın əldə edilməsi istiqamətində hazırlıq işləri aparılıb, bununla əlaqədar müəssisədə Keyfiyyət İdarəetmə Sistemi yaradılıb və təşkilatın fəaliyyəti bu istiqamətdə qurulub.

«Azərbaycanın ilk peyki olan «Azerspace-1» telekommunikasiya peykini fevralın 7-də orbitə buraxdıqdan sonra Avropa, Afrika, Mərkəzi Asiya və Yaxın Şərq kimi regionlar üzrə 50-dən çox ölkəni birləşdirən coğrafiyada milyonlarla insana müasir informasiya və rabitə xidmətləri göstərərək dünya peyk sənayesinin tərkib hissəsinə çevriləcək «Azərkosmos» müştərilərinə hər zaman yüksək keyfiyyətli xidmətlər göstərməyi və bu xidmətlərin keyfiyyət səviyyəsinin daim inkişaf etdirilməsini hədəfləyir», - deyə Nazirlikdən bildirilib.


Bu məqsədlə, ASC öz fəaliyyətini beynəlxalq standartlar əsasında quraraq keyfiyyət idarəetmə siyasətinin formalaşdırılması və müntəzəm izləmələrin aparılması ilə bu siyasəti həyata keçirən sistemin mütəmadi olaraq təkmilləşməsi istiqamətində iş aparır. Belə ki, keyfiyyət idarəetmə siyasətindən irəli gələn məqsədlərin icrası ilə «Azərkosmos» müştəri məmnunluğuna nail olunması, müştərilərin dayanıqlı peyk xidmətləri ilə təmin olunması, kadr hazırlığının və kadrların ixtisas artımının davamlı şəkildə həyata keçirilməsi, müxtəlif həvəsləndirmə tədbirləri ilə işçilərin maddi rifahının və iş keyfiyyətinin artırılması, innovativ və elm tutumlu layihələrin həyata keçirilməsinin inkişaf etdirilməsi kimi hədəfləri qarşısına qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR