Bakı Ağır Cinayətlər Məhkəməsində Az.TV sədri Arif Alışanova qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyevin, Zöhrab Şirinovun, Aqşin Hüseynovun barələrində olan cinayət işi üzrə məhkəmə davam edib.
APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, A.Alışanovun teleqramı məhkəməyə daxil olub. Az.Tv sədri bildirib ki, müəyyən səbəblərdən prosesdə iştirak edə bilmir və istintaqa verdiyi ifadəsini təsdiqləyir.
Təqsirləndirilən şəxslər buna etiraz ediblər. Bildiriblər ki, Arif Alışanov məhkəmədə dindirilməlidir.
Məhkəmədə ilkin olaraq A.Alışanovun qızı Nigar Alışanovanın istintaqa verdiyi ifadəsi elan edilib. O, atasına sui-qəsd olduğunu istintaq dövründə bildiyini qeyd edib: "Bizim heç nədən xəbərimiz olmayıb. İstintaq dövründə bildik ki, Şücaət atamın külli miqdarda pulunu mənimsəyib və ona sui-qəsd cəhdi edib".
Daha sonra Arif Alışanovun istintaqa verdiyi ifadə elan edilib.
A. Alışanov ifadəsində bildirib ki, qardaşı Habil, yeznəsi Vidadi Cəfərov, qayınları Etibar, Natiq Bağırovlarla birgə Şamaxı rayonunun ərazisində vətəndaşlardan torpaq sahələri almaq istəyiblər. Az.TV sədri ifadəsində 2016-cı ilin dekabr ayında Şamaxıya səfəri, təqsirləndirilən Şücaət Əkbərovla görüşü, ona sui-qəsd cəhdləri barədə də ifadə verib. Deyib ki, Şücayət Əkbərov onu, onunla birgə olan şəxsləri, qızını və bacısı oğlu Dəyanət Cəfərovu bir neçə dəfə qətlə yetirməyə cəhd edib.
Təqsirləndirilən Ş. Əkbərov isə Arif Alışanovun dediklərinin əsassız olduğunu bildirib.
Proses iyulun 6- da davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.