TQDK dərsliklərlə bağlı monitorinqin nəticəsini Təhsil Nazirliyinə təqdim edib

TQDK dərsliklərlə bağlı monitorinqin nəticəsini Təhsil Nazirliyinə təqdim edib
# 13 fevral 2013 07:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) pedaqoji ictimaiyyətə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, prezidentin fərmanına əsasən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi komissiyaya həvalə olunub. Fərmanın icrası ilə əlaqədar olaraq, TQDK tərəfindən, ilk növbədə, kurrikulum fənn standartları əsasında hazırlanıb, hazırda istifadədə olan ibtidai sinif dərsliklərinin monitorinqi aparılıb və mərhələlər üzrə işlər görülüb.

Dərslik müəllifi olmayan mütəxəssislərin sırasından ekspertlərin hazırlanması, pedaqoji ictimaiyyətin nümayəndələrindən dərsliklərə dair informasiyanın toplanması, dərslik müəllifi olmayan ekspertlər tərəfindən dərsliklərin ilkin ekspertizasının keçirilməsi, II və III mərhələlərin nəticələrinin (ictimaiyyətin və ekspertlərin rəylərinin) müqayisəsi, müqayisəli təhlilin nəticələrinin ümumi açıq müzakirəyə çıxarılması istiqamətində işlər aparılıb. Ümumi müzakirələr zamanı səslənən fikirlər, irad və təkliflər nəzərə alınmaqla tərtib olunmuş rəylər dərslik müəlliflərinə təqdim olunub, cavab olaraq müəlliflər hansı iradları qəbul etdiklərini, hansıları qəbul etmədiklərini bildiriblər. Bundan əlavə, dərslik müəlliflərinin cavablarının müstəqil ekspertlər tərəfindən təhlili görülüb. Müstəqil ekspertizanın keçirilməsində Milli Elmlər Akademiyasının nümayəndələri, ali təhsil müəssisələrinin metodika kafedralarının mütəxəssisləri, ümumtəhsil müəssisələrinin müəllimləri, yaş psixologiyası üzrə ixtisaslaşan psixoloqlar iştirak ediblər.

Ümumtəhsil müəssisələrinin 1-ci siniflərində istifadə edilən 15 dərslik və dərs vəsaitləri üzrə həyata keçirilmiş monitorinq əsasında hazırlanmış 17 yekun rəy fevralın 12-də Təhsil Nazirliyinə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR