Bakıda aparılan təmir-tikinti işləri ilə əlaqədar bağlanmış yollar haqqında son məlumat yayılıb

Bakıda aparılan təmir-tikinti işləri ilə əlaqədar bağlanmış yollar haqqında son məlumat yayılıb
# 18 fevral 2013 08:11 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı şəhərinin bəzi prospekt və küçələrində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq bağlanmış yollar haqqında son məlumatı yayıb. Eyni zamanda, Mərkəz sürücülərin hərəkətlərini rahatlaşdırmaq məqsədilə alternativ yolları təqdim edib.

«APA-Economics»in NİİM-ə istinadən verdiyi məlumata görə, Füzuli küçəsi təmir-tikinti işləri ilə əlaqədar bağlı olduğundan alternativ yol kimi Ş.Əzizbəyov küçəsindən (Şıxəli Qurbanov küçəsi istiqamətində) və Salatın Əsgərova küçəsindən (Səməd Vurğun küçəsi istiqamətində) istifadə etmək mümkündür. S.Vurğun küçəsində təmir-tikinti işləri ilə əlaqədar isə yolun 2 zolağı bağlıdır.

Eyni zamanda, M.Nərimanov küçəsi Heydər Əliyev prospekti ilə kəsişmə istiqamətində tunel və piyada keçidinin tikintisi ilə əlaqədar bağlı olduğundan alternativ yol kimi Araz küçəsindən («Ulduz» metro stansiyası) və Ə.Qayıbov küçəsindən istifadə etmək mümkündür. Həmçinin, Heydər Əliyev prospekti M.Nərimanov küçəsi ilə kəsişməsində kənar yollar tunel və piyada keçidinin tikintisi ilə əlaqədar olaraq bağlı olduğundan, kənar yoldan əsas yola keçid mümkündür.

Yeni metro stansiyasının tikintisi ilə əlaqədar Ceyhun Səlimov küçəsi bağlı olduğundan Tbilisi prospektindən və A.Salamzadə küçəsindən alternativ yol kimi istifadə etmək məsləhət görülür. Bundan başqa, Ziya Bünyadov prospektində tikinti və təmir-bərpa işləri ilə əlaqədar prospektin bəzi hissələri bağlanıb. Lakin yolun bağlı hissələrində kənar yollarda hər iki istiqamətdə hərəkət var.

Qeyd edək ki, NİİM 2011-ci ilin sonundan fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR