Smart-kart sayğaclarından istifadə edən abunəçilərin sayı 11 minə yaxınlaşıb

Smart-kart sayğaclarından istifadə edən  abunəçilərin sayı 11 minə yaxınlaşıb
# 07 noyabr 2012 16:22 (UTC +04:00)
Bakı – APA-Economics. “Azərsu” ASC bu ilin may ayından Bakı, Abşeron və Sumqayıt Sukanal İdarələrinin xidmət göstərdiyi ərazilərdə ön ödənişli (smart-kart tipli) elektron su sayğaclarının quraşdırılmasına başlayıb.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən « APA-Economics »ə verilən məlumata görə, ilkin mərhələdə smart-kart tipli sayğaclar su sərfiyyatı böyük olan yerlərdə, əsasən qeyri-əhali qrupu abunəçiləri üzrə quraşdırılırdısa, artıq oktyabr ayından başlayaraq əhali abunəçiləri üçün də belə sayğaclar quraşdırılır. Ötən bir ay ərzində Bakı şəhərində 1300-dən artıq əhali abunəçisi smart-kart tipli sayğaclarla təmin olunub. Bununla paralel olaraq qeyri-əhali qrupu abunəçilərə də yeni sayğacların quraşdırılması sürətləndirilib.

Ümumilikdə ilin əvvəlindən indiyədək 9400-dən artıq qeyri-əhali qrupu abunəçisi smart-kart sayğacları ilə təmin olunub. Bununla da smart-kart sayğaclarından istifadə edən abunəçilərin sayı 10700-ü ötüb.

Qeyd edək ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR