Azərbaycan Koreyanı «Bakutel» sərgi-konfransında iştiraka dəvət edib

Azərbaycan Koreyanı «Bakutel» sərgi-konfransında iştiraka dəvət edib
# 02 oktyabr 2012 11:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Koreyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Çoi Suk-İnlə görüşüb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə 2005-ci ildən indiyədək İKT sahəsində Koreya-Azərbaycan arasında əməkdaşlıq məsələlərinə toxunulub, 2006-2007-ci illərdə ölkələrin müvafiq nazirlikləri arasında İKT sahəsi üzrə imzalanmış anlaşma memorandumunun istiqamətləri müzakirə edilib.

Eyni zamanda, Koreyanın «Daewoo Telecom» şirkətinin Naxçıvan Muxtar Respublikasında quraşdırdığı telekommunikasiya avadanlıqlarının ödənişi ilə bağlı məsələnin uğurla həll olunduğu vurğulanıb. Daha sonra poçt sahəsində Azərbaycan-Koreya əməkdaşlığı, Koreya İxrac-İdxal Bankının Azərbaycanda «Elektron Hökumət»in tətbiqi ilə bağlı təklif etdiyi maliyyə vəsaiti, həmçinin Koreyanın ali təhsil müəssisələrində azərbaycanlı tələbələrin təhsil alması ilə bağlı məsələ müzakirə edilib.

Nazir Ə.Abbasov Koreya universitetlərində azərbaycanlı tələbələrin təhsillərini davam etdirməsi, o cümlədən İKT sahəsi üzrə mütəxəssislərin yetişdirilməsi və bu sahə üzrə biliklərinin artırılmasına Koreya hökuməti tərəfindən imkan yaradılmasını yüksək dəyərləndirib. Azərbaycanın ikinci telekommunikasiya peykinin orbitə buraxılması ilə bağlı elan edilmiş tenderə diqqət çəkən nazir tenderə Koreya şirkətinin maraq göstərdiyini də vurğulayıb.

Eyni zamanda, Azərbaycanda genişzolaqlı internet xidmətlərinin tətbiqi istiqamətində həyata keçirilən layihələrdə koreyalı şirkətlərin də iştirakını məqsədəuyğun hesab edən Ə.Abbasov BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə cari ilin noyabr ayında Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumu, eləcə də «Bakutel» sərgi-konfransında Koreya nümayəndə heyətinin də təmsil olunmasını tövsiyə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR