Hüseynağa Sadıqov: “BMT-yə gedərkən Xocalı faciəsini eşitdim, təyyarədə çıxışıma dəyişiklik etdim və öz dilimizdə çıxış etməyə qərar verdim” - MÜSAHİBƏ - FOTOSESSİYA

Hüseynağa Sadıqov: “BMT-yə gedərkən Xocalı faciəsini eşitdim, təyyarədə çıxışıma dəyişiklik etdim və öz dilimizdə çıxış etməyə qərar verdim” - <font color=red>MÜSAHİBƏ - FOTOSESSİYA </font>
# 05 mart 2012 12:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Martın 2-də Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 20 ili tamam oldu. O dövrdə Azərbaycanın xarici işlər naziri olmuş Hüseynağa Sadıqov APA-ya müsahibəsində həmin günləri xatırlayıb.

- Hüseynağa müəllim, siz həmin əlamətdar günün iştirakçısı olmusunuz. Azərbaycanın BMT-yə qəbulu prosesi necə baş verdi?

- Azərbaycanın BMT üzvlüyünə qəbulu istiqamətində işlərə əslində dövlət müstəqilliyimizi elan etməmişdən öncə, 1991-ci ilin avqust-sentyabr aylarından başlamışdıq. Yaxşı xatırlayıram, 1991-ci ilin sentyabr ayında mən Azərbaycanın xarici işlər naziri kimi BMT Baş Assambleyasının iclasına qonaq qismində dəvət olunmuşdum. Orada olduğum müddətdən istifadə edib, bir sıra diplomatlarla, o cümlədən BMT baş katibi və müavinləri ilə səmərəli görüşlər keçirdim. Qeyd edim ki, BMT baş katibinin müavinlərindən birinin qardaşı ilə şəxsi tanışlığım vardı, digərini isə əvvəllər Şərqi Almaniyada konsul işlədiyim dövrdən tanıyırdım. Onlarla da söhbət etdim. Dedilər ki, biz vəsatət qaldırsaq qəbul olunacaq. O vaxt SSRİ hələ mövcud idi. 1991-ci il oktyabr ayının 18-də Azərbaycan öz dövlət müstəqilliyini elan etdi. Bundan sonra biz daha da ürəkləndik və bu istiqamətdə daha fəal işlərə başladıq. O vaxtlar çox çətin dövr idi. Birincisi, Ermənistanın Azərbaycana qarşı siyasi təcavüzü hərbi təcavüzə keçmək mərhələsindəydi. İkinci çətinlik isə respublikada o dövrdə hökumətin iflic vəziyyətində olması idi. O zaman XİN-də də çox az sayda diplomat çalışırdı. Yaxşı xatırlayıram, mən daxil olmaqla cəmi 14 nəfər əməkdaş vardı.

Dövlət müstəqilliyimizin tanınması prosesi dərhal başladı və noyabrın 9-da bizi ilk olaraq Türkiyə tanıdı. 1992-ci ilin may ayında isə Azərbaycanı artıq 112 dövlət tanımışdı. 1992-ci il martın 2-də, BMT-yə üzv olan zaman bizi tanıyan dövlətlərin sayı 75-ə yaxın idi. Onların arasında Almaniya, Böyük Britaniya, Pakistan, İsveçrə, İran və s. yer almaqda idi.

Azərbaycanın BMT-yə üzv qəbul olunmasını mən heç vaxt unutmayacağam. Təsəvvür edin, BMT-yə üzv qəbul olunmağımız Xocalı faciəsindən 4 gün sonra baş verdi. Bu hadisə barədə Moskvada, aeroportda eşitdim. İlk olaraq məndə belə fikir oyandı ki, Bakıya geri qayıdım. Lakin birdən fikrimi dəyişdim. Çünki Xocalı faciəsi haqqında məlumatı elə BMT-dən dünya dövlətlərinə çatdırmağımıza imkan yaranmışdı. Qeyd edim ki, o vaxt Azərbaycan informasiya blokadasında idi. Aeroportdan Bakıya zəng edib çox çətinliklə müxtəlif mənbələrdən məlumatları əldə etdim. Təyyarədə olarkən öz çıxışıma dəyişiklik etdim. Bir faktı da qeyd edim. O zaman bütün çıxışlar rus dilində gedirdi. Düşündüm ki xalqımız, millətimiz tarixi bir günə şahidlik edir. Həm BMT-yə qəbul olunur, həm də Rusiyanın 366-cı alayının iştirakı ilə törədilmiş Xocalı soyqırımının acısını yaşayır, belə bir gündə öz ana dilimdə - Azərbaycan dilində çıxış etməliyəm. Çıxışımın mətnini təyyarədə Azərbaycan dilinə tərcümə etdim. Nyu-Yorka mənimlə getmiş iki əməkdaşıma çıxışımın mətninin ingilis və rus dilinə tərcüməsini verərək tapşırdım ki, sinxron tərcüməyə nəzarət etsinlər. İclasda Azərbaycan dilində çıxış etdim. Çıxışımda Xocalıda azərbaycanlılara qarşı törədilmiş qətllərlə bağlı məlumat verdim. Bildirdim ki, bu gün mənim vətənimdə həm bayramdır, həm də matəm. Bayramdır ona görə ki, bizim müstəqil dövlətimiz BMT-yə üzv olur. Matəmdir ona görə ki, 4 gün əvvəl Xocalı şəhərimiz yer üzündən tamamilə silinib. Baş Assambleyanın zalında mənim çıxışım zamanı sükut hökm sürürdü. Salonda BMT nümayəndələri ilə yanaşı, ictimaiyyət nümayəndələri üçün ayrılmış yerdən iclası Nyu-Yorkda yaşayan türkiyəlilər və azərbaycanlılar da izləyirdilər. Yığıncaq qurtarandan sonra azərbaycanlılar və türkiyəlilər məni əhatəyə alıb Xocalı barədə suallar verməyə başladılar. Əksəriyyəti göz yaşlarını saxlaya bilmirdi, ümumilikdə hisslər bir-birinə qarışmışdı. Soydaşlarımız BMT Baş Assambleyasının salonunda tarixdə ilk dəfə olaraq Azərbaycan dilində çıxışın səslənməsindən qürur hissi keçirdiklərini söyləyirdilər. Sabahı gün “The New York Times” və digər qəzetlər BMT-yə yeni üzv qəbulu ilə yanaşı, Xocalı faciəsi barədə də yazılar dərc etdilər. Baş Assambleyanın iclasından sonra orada qaldığımız iki gün ərzində bir neçə mətbuat konfransı keçirdik, çoxlu sayda press-relizlər hazırlayıb yaydıq. Ermənilərin Xocalıda törədikləri hadisələr barədə siyasi dairələri və ictimaiyyəti məlumatlandırmağa çalışdıq.

- Azərbaycanın BMT-yə üzvlüyünə mane olanlar vardımı?

- Təbii ki, vardı. Amma az idi. O vaxt təbii ki, Ermənistanın səsvermə hüququ yox idi. Lakin Ermənistanın dostları olan bəzi ölkələr vardı. Hansı ki onlar Ermənistana indi də dost və havadardırlar. Maneçilik törətməyə çalışırdılar.

- Rusiya da?

- Tək o dövlət deyildi. Başqa Avropa dövlətləri də vardı.

- Bəs Azərbaycanın BMT-yə qəbulunda aktivlik göstərənlər necə?

- Bu işdə ən çox aktivliyi Türkiyə göstərirdi. Bununla yanaşı, Almaniya, İngiltərə, İspaniya, İsveçrə, Pakistan, Hindistan, Çin bizi əvvəldən dəstəklədilər.

- Azərbaycan diplomatiyasının BMT çərçivəsində fəaliyyəti necə quruldu? Ümumiyyətlə, Azərbaycan diplomatlarının bu gün BMT-də işini necə qiymətləndirirsiniz?

- Azərbaycan BMT-yə üzv qəbul olunan gün BMT binası önündə Azərbaycanın dövlət bayrağı qaldırıldı. Həmin gün saat 17:00-da BMT-nin o vaxtkı baş katibi Butros Qali məni qəbul etdi. Mən bu görüşdə də ona Xocalı soyqırımı barədə məlumat verdim. Təkid etdim ki, ya özü, ya da yüksək rütbəli səlahiyyətli nümayəndəsini Xocalı soyqırımını araşdırmaq üçün Azərbaycana göndərsin. Sabahı gün əvvəl müavinləri, sonra bir daha baş katiblə görüşərək əvvəlki fikrimdə təkid etdim. O dedi ki, öz səlahiyyətli nümayəndəsini Azərbaycana göndərəcək. Biz ölkəyə qayıtdıqdan 2 həftə sonra BMT baş katibinin xüsusi nümayəndəsi, ABŞ-ın keçmiş dövlət katibi Sayrus Vens Bakıya gəldi. Mən onu Ağdama aparıb vəziyyəti göstərdim. Ağdam məscidində Xocalıdan gətirilmiş meyitləri görəndə şoka düşmüşdü. “Hətta faşistlər İkinci Dünya Müharibəsi zamanı belə vəhşiliklər törətməyiblər”, - deyə Sayrus Vens həyəcanla qeyd etdi. Geri qayıtdıqdan sonra o, mövcud vəziyyət barədə ətraflı arayış hazırladı və ilk qətnamə də məhz o sənəddən sonra qəbul olundu. Bundan sonra martın 26-da BMT-dəki nümayəndəliyimizi təsis etdik və nümayəndəliyimiz də fəal çalışdı. Sonra BMT-nin müvafiq qətnamələri qəbul edildi.

BMT-də Azərbaycan nümayəndəliyinin işinə gəlincə, bunu müsbət qiymətləndirirəm. Artıq 20 il keçib. Bu 20 ildə biz çox şeyə nail olmuşuq. Fəaliyyətimiz həm BMT-də, həm də digər beynəlxalq təşkilatlarda genişlənib. BMT Təhlükəsizlik Şurasının 2 il müddətinə qeyri-daimi üzvü seçilməyimiz də bu fəaliyyətin nəticəsidir. Demək istəyirəm ki, bizim diplomatiya geniş fəaliyyət göstərir. Ələlxüsus da son illərdə məni sevindirən odur ki, diplomatiyamız müdafiədən hücuma keçib.

- BMT-yə qəbulundan 20 il sonra Azərbaycan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü oldu. Sizin bundan gözləntiləriniz nədir?

- Bu gün BMT dünyanın ən böyük təşkilatıdır. Düzdür, bu təşkilatdan narazılıq da var. “Dişsiz”, “onurğa sütunu sınmış” bir təşkilat kimi özünü aparır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etsə də, bu qətnamələr kağız üzərində qalıb, həyata keçirilmir. Bütün bunlarla yanaşı, BMT üzvlüyündən çıxmaq, bu təşkilatın fəaliyyətində iştirakdan imtina etmək ağılsızlıq olardı. BMT-nin strukturlarına üzv olmaq özü böyük bir məsələdir. Azərbaycanın TŞ-nin qeyri-daimi üzvü seçilməsinin ölkəmiz üçün böyük əhəmiyyəti var. Artıq dövlətimizin 2 il ərzində BMT-nin gündəliyinin tərtib olunmasında, qətnamələrin həyata keçirilməsində öz sözünü demək, təsir göstərmək imkanları yaranıb. Bundan istifadə etməliyik.

Bununla yanaşı, tək BMT deyil, digər beynəlxalq təşkilatlarda da bizim zəif nöqtələrimiz var. Bunların obyektiv və subyektiv səbəbləri mövcuddur. Nədir bu zəiflik? Biz gərək BMT və digər beynəlxalq təşkilatların strukturlarına öz nümayəndələrimizi yeridək. Son zamanlaradək BMT-də bizim 4, ermənilərin 26 əməkdaşı vardı. Biz texniki vəzifələrdən də imtina etməməliyik. Təki orada əməkdaşlarımızın sayı artsın. Əlbəttə ki, bu, tək bizdən asılı deyil. Buna mane olanlar da var. Elə bizim qonşumuz Ermənistan və onun dostları buna imkan yaratmırlar. Bütün bunlara baxmayaraq, biz qəti şəkildə bu istiqamətdə işləməliyik.

- BMT qətnamələrinin Ermənistan tərəfindən icra olunmamasının səbəbləri nədir?

- Bu gün dünyada ikili standartlar mövcuddur. Bu ikili standartlar BMT-də də var. Son onillikdə bu məsələ daha da fəallaşıb. Müsəlmanlara qarşı bir hücum gerçəkləşdirilir. Bunu bizim dövlətin, diplomatiyanın zəifliyi kimi qələmə vermək doğru deyil. Bu, qlobal bir problemdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR