Azərbaycanda üzümçülüyün inkişafı proqramının icrasına başlanılıb

Azərbaycanda üzümçülüyün inkişafı proqramının icrasına başlanılıb
# 25 fevral 2012 11:40 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda Üzümçülüyün inkişafına dair Dövlət Proqramının (2012-2020-ci illər) icrasına başlanılıb. Fevralın 25-də İqtisadi İnkişaf Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə «Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: rəqabətqabiliyyətli şərab məhsullarının istehsalının artırılması» mövzusunda tədbir keçirilib. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri və şərabçılıqla məşğul olan sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev Gəncə və ətraf rayonlarda şərabçılıq təsərrüfatlarının daha da genişləndirilməsi və müasir şərab emalı müəssisələrinin yaradılması üçün münbit təbii şəraitlə yanaşı, əlverişli sahibkarlıq mühitinin olduğu qeyd edilib.

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev son illər ölkədə sahibkarlığın inkişafı üçün görülən tədbirlər barədə məlumat verərək bildirib ki, şərabçılığın stimullaşdırılması, istehsal olunacaq məhsulların ənənəvi və yeni bazarlara çıxarılmasında sahibkarlara dövlət dəstəyinin göstərilməsi, iş adamlarının bu istiqamətdə təşəbbüslərinin dəstəklənməsi bundan sonra da davam etdiriləcək. İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov bu sahənin inkişaf perspektivləri, istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları, rəqabətqabiliyətliyinin artırılması, məhsulların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması barədə məlumat verib. Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev Azərbaycanda özəl bölmənin inkişafına göstərilən diqqət və qayğıdan, sahibkarlara dövlət dəstəyi mexanizmləri barədə danışaraq, ölkənin dinamik iqtisadi inkişafında sahibkarların yaxından iştirak etdiyini vurğulayıb.

Milli Elmlər Akademiyası, İqtisadi İnkişaf Nazirliyi xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı, regionların inkişafı və dövlət proqramları şöbələrinin, Bakı Biznes Tədris Mərkəzinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) nümayəndələri ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, regionun sahibkarları üçün potensial ixrac bazarlarına çıxış imkanları, qeyri-neft məhsullarının, o cümlədən şərab məhsullarının xarici bazarlara çıxarılmasında «GSP+» proqramının əhəmiyyəti və sahibkarların maarifləndirilməsi tədbirləri barədə məlumat verib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR