Pənah Hüseyn: “Müxalifətin vahid namizədi məsələsini vəziyyətə uyğun olmayan anlayış hesab edirik”

Pənah Hüseyn: “Müxalifətin vahid namizədi məsələsini vəziyyətə uyğun olmayan anlayış hesab edirik”
# 18 avqust 2012 11:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Vahid namizəd məsələsi İctimai Palatada müzakirə olunmur, gündəmdə də deyil. Ümumiyyətlə, müxalifətin vahid namizədi məsələsini vəziyyətə uyğun olmayan anlayış hesab edirik”.

Bunu APA-ya açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn deyib. İctimai Palatanın vahid namizədinin, müxalifətin vahid namizədi kimi anlaşıldığını söyləyən P. Hüseyn AXCP sədri Əli Kərimlinin müxalifətin formalaşdıracağı birliyin vahid namizədi olması ehtimalı haqda dediklərinə də münasibət bildirib. O deyib ki, Ə. Kərimlinin prezident seçkisində vahid namizəd olmasına münasibəti normaldır: “Çünki müxalifətdə bu gün adı çəkilən və çəkilməyən xeyli insan var ki, onların prezidentliyə namizəd olmaq ehtimalı var. Bu ehtimallardan biri də Əli Kərimlinin namizədliyidir”.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu isə APA-ya deyib ki, İctimai Palatada Əli Kərimlinin vahid namizəd olacağı ilə bağlı məsələ razılaşmayıb: “Cəmiyyətdə belə bir gözlənti var ki, müxalifətin vahid namizədi İctimai Palatadan olacaq. Burada da sözsüz ki, söhbət İsa Qəmbər və Əli Kərimlidən gedir. Hansısa digər şəxsin İctimai Palatanın namizədi olacağı isə inandırıcı görünmür. Əli Kərimli də ehtimal haqda danışıb. Bu ehtimalı nəinki Əli Kərimli, hamı qəbul edir”.

T. Yaqublu qeyd edib ki, Azərbaycanda müxalifətin vahid namizədi kimi də qəbul olunan iki şəxs var - İsa Qəmbər və Əli Kərimli: “Sözsüz ki, Müsavat Partiyasının namizədi olaraq, partiyanın başqanı İsa Qəmbəri görürük. Amma gələcəkdə məsələnin necə həll olunacağı prosesin gedişindən asılı olacaq”.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli ötən gün mətbuata açıqlamasında müxalifətin namizədi olması şansının mümkünlüyü haqda danışıb: “Beləliklə vahid namizədin kimliyi barədə danışmaq istəmirəm, amma hər halda görünür, hökumət də ehtimal edir ki, həmin o böyük birliyin içindən həm də namizəd olaraq mənim çıxmaq ehtimalım var. Mənim belə bir ehtimalım var ki, bu böyük birliyin namizədi mən ola bilərəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR