Bakının “Qələbə meydanı”nda tunel tipli yol qovşağının inşası tamamlanmaq üzrədir - FOTOSESSİYA

Bakının “Qələbə meydanı”nda tunel tipli yol qovşağının inşası tamamlanmaq üzrədir - <span style="color: red;">FOTOSESSİYA
# 22 avqust 2013 05:54 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlər davam etdirilir.

Ölkə başçısının sərəncamına əsasən, Nəqliyyat Nazirliyinin sifarişi ilə “Gənclik” metrostansiyasının ətrafındakı “Qələbə meydanı” adlanan ərazidə və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təminini nəzərdə tutan layihənin icrasını “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC həyata keçirir.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Afaq Quliyevanın “APA-Economics”ə verdiyi məlumata görə, layihə üzrə ərazidə 16 giriş-çıxışlı, ümumi uzunluğu 2512 metr olan 6 tunel tipli yol qovşağının və 10 piyada keçidinin inşası nəzərdə tutulub. Sinqapur şirkəti tərəfindən layihəndirilən qovşağın məsləhətçi-nəzarətçisi Türkiyə Respublikasının Pro Yapı Proje İnşaat. Tic.Ltd.Şirkətidir.

Tunel tipli yol qovşaqları Atatürk və Vaqif prospektlərinin, həmçinin Atatürk prospektilə Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektinin birləşdirilməsi nəzərdə tutulur. Əlavə olaraq Təbriz küçəsindən gələn avtomobillər “Gənclik” dairəsinə girmədən birbaşa tunel vasitəsilə Dərnəgül şosesinə çıxa biləcək. Həmçinin, F.X.Xoyski prospektinə qısa döngələrlə istiqamətlənmək mümkün olacaq. Vaqif prospektindən gələn maşınlar F.X.Xoyski prospektinin altından keçərək Atatürk prospektinə çıxacaq və bu istiqamətdən Həsən Əliyev prospektinin üstündən keçəcək.

Layihə üzrə tikintisi nəzərdə tutulan yolların ümumi sahəsi 110000 m2-dir. “Qələbə meydanı” adlanan ərazidə hesabi hərəkət intensivliyi 2340 avto/saat-dan 10986 avto/saata-dək artacaqdır. Tunellərdə nəqliyyatın orta hərəkət sürəti 50-60 km/saatdır.

Tunel tipli yol qovşağında maillik minimum 0.5, maksimum 5.6 faiz nəzərdə tutulur. Vaqif prospektində inşa edilən yol qovşağı mövcud “Gənclik” metrostansiyasının tuneli üzərindən keçir.

Layihəyə əsasən “Gənclik” metrostansiyasında əlavə iki yeni piyada çıxışın inşası planlaşdırılır ki, ondan da ilk olaraq “Gənclik” metrostansiyasının Atatürk prospektinə çıxan girişinin “Qələbə meydanı”nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilib.

Qələbə meydanı müxtəlif səviyyəli tunel tipli yol qovşağı layihəsinə daxil olan 6 saylı tunel ötən ilin 24.12.2012-ci ildə istifadəyə verilib.

Tikintisi yekunlaşmaq üzrə olan tunellərin qapalı hissəsinin uzunluğu 908.2 metr olmaqla ümumi uzunluğu 2512 metr, eni 8-15.5 metr, hündürlüyü 5.5 metr, hərəkət zolaqlarının sayı 5-dir.

Tunellərdə 27000 m2 yanğına davamlı şüşə lifli fibrobeton materialından istifadə olunub. Bu tunellərin əsas özəlliyindən biri də işıqlandırma sistemi ilə bağlıdır.

Tunelin daxili işıqlanma sistemi dünyada keyfiyyət , səmərəlilik, təhlükəsizlik və uzunömürlülük baxımından özünü təsdiqləmiş olan və Yarımkeçirici Diodlar Əsasında (LED) işləyən ən müasir işıqlandırma sistemidir. Bu sistemdə işıqlanma kompyuter vasitəsi ilə idarə olunur. İşıqlandırıcılar çeviricilər vasitəsi enerjiyə qənaət etməklə yanaşı, təhlükəsizlik və uzunömürlülük baxımından çox effektiv bir sistem sayılır. Tunellərin yan divarlarında və tavanda 9000 ədəd kompyuterlə idarə olunan LED işıqlar quraşdırılıb.

Tuneldə həmçinin səsin səviyyəsini aşağı salmaq üçün 20 minə qədər panel var. Tunelin tavanında quraşdırılan 2868 ədəd projektorlar bir necə rejimdə çalışır - gündüz, gecə və qəza rejimlərində. Hərəkət zolaqlarında isə 2400 ədəd istiqamətverici işıqlar (pişik gözlər) quraşdırılıb.

Tunellərdə fasiləsiz enerji təminatı məqsədi ilə 260 kV gücündə generatordan və düzləndiricidən istifadə olunub. Tuneldə istifadə edilən elektrik kabelləri alışmayan və yüksək dərəcə temperaturda belə yanmayan izolə materiallardan hazırlanıb. İşıqlar söndüyü halda fövqəladə işıq mənbəyi işə düşür. Tunellərdə 60-dan çox müşahidə kameraları yerləşdirilib.

Tunellərin daxilində və yanaşma yollarda 21000 p/m qranit bordür, 100 ədəd yaxın içıq dirəkləri, həmçinin 14500 m2 səkilər mərmərlə döşənib.

Bundan əlavə, tunellərin girişlərində VMC məlumat göstəriciləri ilə təmin olunan panellər quraşdırılıb. Panellərin üzərində küçələrin adları göstərilən hərəkət zolağının istiqaməti, sürət məhdudiyyəti nişanı, tunelin əndazəsi, vaxt və hava göstəriciləri əks olunub.

Tuneldə istifadə olunan bütün işıqlandırıcı avadanlıqlar İngiltərə, kabel və idarəedici avadanlıqlar isə Almaniya və ABŞ istehsalıdır. İş prosesində xarici mütəxəssislər özləri iştirak edib və sınaqlara nəzarət ediblər.

Layihə üzrə işlərə ümumilikdə, “Akkord” Korporasiyasının 500 nəfər, həmçinin xarici mütəxəssislərdən ibarət 300-a yaxın subpodrat işçi qüvvəsi və 190-a yaxın xüsusi texnikası cəlb olunub.

“Qələbə meydanı”nda işlər tamamlanma mərhələsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR