Azərbaycanın kənd təsərrüfatı naziri İtaliyanın yeni səfirini qəbul edib - FOTO

Azərbaycanın kənd təsərrüfatı naziri İtaliyanın yeni səfirini qəbul edib - <span style="color: red;">FOTO
# 19 sentyabr 2013 14:42 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Ciampaolo Kutillonu qəbul edib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, İsmət Abasov yeni təyinat münasibətilə səfir Ciampaolo Kutillonu təbrik edib və Azərbaycandakı diplomatik fəaliyyətlərində ona uğurlar arzulayıb.

Nazir İsmət Abasov Azərbaycanda kənd təsərrüfatının ümumi vəziyyəti, sahənin müsbət artım dinamikası, dövlət başçısı cənab İlham Əliyev tərəfindən bu sahənin inkişafına verilən dəstək barədə qarşı tərəfə ətraflı məlumat verib, yoxsulluqla mübarizə sahəsində radikal islahatlar və əldə etdiyi uğurlar münasibətilə Azərbaycanın cari ilin iyun ayında İtaliyanın Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mükafatına layiq görüldüyünü nəzərə çatdırıb.

İ.Abasov bildirib ki, Azərbaycan və İtaliya arasında iqtisadiyyatın bir çox sahələri ilə yanaşı, kənd təsərrüfatı sahəsində mövcud olan əməkdaşlıq əlaqələri, son dövrlərdə hər iki tərəfin yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin və səfər çərçivəsində imzalanmış sənədlərin əməkdaşlığın yeni mərhələyə qədəm qoyması üçün zəmin yaradır. O, İtaliyanın Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyinin dövlət katibinin müavini Franko Braqanın 2012-ci ildə Azərbaycana səfərini və səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında Protokol”a diqqət çəkərək, Protokol çərçivəsində əməli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Səfir Ciampaolo Kutillo səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycanın qısa müddət ərzində nəzərəçarpacaq dərəcədə iqtisadi tərəqqiyə nail olmasından və dünyanın bir çox inkişaf etmiş ölkələrinin hələ də iqtisadi böhranın fəsadlarından əziyyət çəkdiyi bir dönəmdə ölkədə yoxsulluq səviyyəsinin kəskin şəkildə azaldılmasından məmnunluğunu bildirib. Səfir hər iki ölkənin iqtisadiyyatında və milli gəlirlərinin artırılmasında önəmli rola malik olan kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da gücləndirilməsi üçün yüksək potensialın olduğunu qeyd edərək, fəaliyyəti dövründə hər iki ölkə arasında aqrar sahədə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR