Kənd təsərrüfatı naziri: “2004-2013-cü illərdə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,3 dəfə artıb” - VİDEO

Kənd təsərrüfatı naziri: “2004-2013-cü illərdə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,3 dəfə artıb” - <span style="color: red;">VİDEO
# 06 fevral 2014 00:51 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, kənd təsərrüfatının mühüm bölməsi olan bitkiçilikdə 2004-2013-cü illərdə əkin sahələrinin 64,2 min hektar artması ilə yanaşı, əksər bitki növləri üzrə məhsuldarlıq səviyyəsində də əhəmiyyətli artımlara nail olunub: “Bu amillər hesabına həmin dövrdə bitkiçilik məhsulları istehsalı 3 dəfə artaraq 2 milyard 627 milyon manat təşkil edib”.

H.Əsədov bildirib ki, heyvandarlıq məhsulları istehsalı 2004-cü ildəki 697 milyon manata qarşı 2013-cü ildə 2 milyard 617 milyon manat təşkil edərək və yaxud təxminən 3,8 dəfə artaraq ümumi kənd təsərrüfatı məhsulunun strukturunda payı 49,5 faizə çatıb: “Heyvandarlıqda həyata keçirilən islahatlar nəticəsində mal-qaranın baş sayının sabit templə artımına nail olunub. Belə ki, 2004-2013-cü illər ərzində iribuynuzlu mal-qaranın baş sayı 17,1 faiz artaraq 2 milyon 713 minə, qoyun və keçilərin baş sayı 15,6 faiz artaraq 8 milyon 661 minə, quşların sayı isə 40,1 faiz artaraq 25,5 milyona çatıb. İribuynuzlu mal-qaranın baş sayının 17,1, qoyun və keçilərin baş sayının 15,6 faiz artması müqabilində intensiv inkişaf, yəni, onların cins tərkibinin dəyişdirilib, daha məhsuldar cinslərlə əvəz edilməsi həmin dövrdə ət istehsalının 51,3, süd istehsalının 49,9, yumurta istehsalının isə 68,9 faiz üstün artımına səbəb olub".

Kənd təsərrüfatı naziri 2004-cü ildə mövcud olan 1 milyon 635 min hektar əkin yerinin 79,2 faizində əkin aparıldığı halda, 2013-cü ilə 1 milyon 695 min hektar əkin sahəsinin 99,4 faizində əkinnin aparıldığını qeyd edib: “Bu əkin sahəsinin demək olar tam həcmdə dövriyyəyə cəlb olunduğunu göstərir”.

Nazir qeyd edib ki, 2004-cü ildə yaradılmış “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 2005-2013-cü illər ərzində dövlət büdcəsindən və ehtiyat fondları hesabına 458 milyon manat vəsait ayrılıb, təkrar istifadədən qaytarılan 179 milyon manat və eləcə də müxtəlif mənbələrdən ayrılan 13 milyon manat da daxil olmaqla, onun investisiya portfeli 650 milyon manat təşkil edib: “Bu vəsaitlər hesabına həmin dövrdə 1200-dən artıq yeni kombayn, 5145 traktor, 184 ekskavator və digər kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqları alınaraq 6591 nəfər müxtəlif hüquqi və fiziki şəxslərə lizinqə verilib və ya lizinq yolu ilə satılıb ki, bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının texniki təchizatında müstəsna rol oynayib”.

Heydər Əsədov torpaqların münbitliyini artırmaq, yüksək məhsuldarlığa nail olmaq məqsədilə 121 milyon manat dəyərində 400 min ton müxtəlif növ mineral gübrələr alınmasını, heyvanların cins tərkibini yaxşılaşdırmaq məqsədilə 2009-cu ildən başlayaraq 9306 baş ətlik və südlük istiqamətdə iribuynuzlu damazlıq heyvanlar və 1321 baş yüksək məhsuldarlı cins keçilər alınaraq güzəştli şərtlərlə lizinqə verildiyini deyib: “Prezidentin ehtiyat fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına qarşıdakı 3-4 ay ərzində dünyanın ən tanınmış şirkətlərindən 470 ədəd yeni kombayn və yerli istehsal olan “Belarus” tipli 600-dən artıq traktor alınıb istifadəyə veriləcək”.

H.Əsədov bildirib ki, hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnib, ötən dövr ərzində onlara istifadə edilən yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin ödənilməsi, eləcə də buğda və toxum istehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsindən ümumilikdə 663 milyon manat həcmində subsidiyanın verilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR