Dövlət Komitəsi halal standart məsələsində QMİ ilə əməkdaşlığın mümkün formatını açıqlayıb

Dövlət Komitəsi halal standart məsələsində QMİ ilə əməkdaşlığın mümkün formatını açıqlayıb
# 06 may 2014 11:59 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Qafqaz Müsəlmanları İdarəsi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında “Halal qida. Ümumi tələblər” dövlət standartı ilə bağlı heç bir danışıq aparılmır.

Bunu APA-ya açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı söyləyib.

Qeyd edək ki, aprelin 17-də QMİ Qazılar Şurasının iclasında halallıq zəmanətinin verilməsi ilə əlaqədar QMİ nəzdində din xadimlərindən ibarət xüsusi komissiya yaradılıb. Komissiyanın üzvü Hacı Şahin Həsənli APA-ya açıqlamasında bildirib ki, Qazılar Şurasının iclasında Şeyxülislam Allahşükür Paşazadə Standartlaşdırma, Metrologiya və Patent Komitəsi ilə şəxsən özü danışıqlar apardığını açıqlayıb: “Məqsəd də odur ki, Dövlət Komitəsinə “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikat almaq üçün müraciət edən şirkətlərə bu sertifikat QMİ-nin komissiyasının rəyi nəzərə alınaraq verilsin”.

F.Talıblı isə APA-ya açıqlamasında deyib ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilən vahid halal standartından sonra üzv ölkələr həmin vahid standart əsasında öz milli standartlarını hazırlayıb. Onun sözlərinə görə, tək Azərbaycanda yox, hər bir ölkədə bu standartları tətbiq edən və icrasına nəzarət edən orqan dövlət qurumudur. F.Talıblı bildirib ki, gələcəkdə yalnız heyvanların kəsimi prosesində rəy öyrənmək üçün QMİ-nin ekspertləri dəvət edilə bilər: “Hazırda ət və ət məhsulları istehsalı zamanı ətindən istifadə edilən heyvanların kəsimi Azərbaycanda yox, xarici ölkələrdə aparılır. Ona görə də biz həmin xarici ölkələrin müsəlman idarələri tərəfindən verilən rəyləri əsas götürürük. Azərbaycanda hər hansı bir sahibkar bildirsə ki, ət kəsimində halal məhsul istifadə edir və bu əti halal markası ilə markalamaq istəyir, o halda bu yerli kəsimlə bağlı Qafqaz Müsəlmanları İdarəsinin rəyini istəyə bilərik. Ancaq istehsal tək ət kəsimi ilə məhdudlaşmır. İstehsal texnoloji, texniki proseslərə əsaslanır”.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda AZS 731-2012 (OİC/ SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində “halal” sözü yazılmış məhsulların istehsalı və satışı qadağasının tətbiqinə başlanıb. İndiyədək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı (AzSert) tərəfindən 4 şirkətə “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun məhsul istehsalı ilə bağlı sertifikat verilib. “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun olaraq “Hakan Foods” FF Co. LTD müəssisəsi “Kral” və “Yeni dad” nişanlı məhsullar, “Səhliyalı” kiçik müəssisəsi “Min bərəkət, halal nemət” nişanlı məhsullar, “M T” LTD firması “Hacı Turqay” nişanlı məhsullar və “Zəhmət Ruzi” MMC “SAB” nişanlı məhsullar istehsal edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR