Bakı. Könül Kamilqızı – APA. 2015/2016 tədris ilində ibtidai siniflərdə və V-VIII sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən müəllimlər üçün növbəti təlimlər təşkil olunacaq.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təlimlər ölkənin müxtəlif regionlarında Azərbaycan dilində keçiriləcək.
Xidmətlərin icra müddəti gələn ilin iyun-dekabr aylarını əhatə edəcək. Nazirlik təlimlərin keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları əməkdaşlığa dəvət edir. Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədi ilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilər.
Qeyd edək ki, Azərbaycan hökuməti təhsil sektorunun inkişafı üzrə ikinci layihənin (bundan sonra TSİİL) icrası ilə əlaqədar Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub.
TSİİL-in ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üzrə yeni fənn kurikulumlarının hazırlanmasında töhfəsi olub. Yeni kurikulumların tətbiqinə dəstək olaraq TSİİL çərçivəsində 2010-cu ildən bəri təlimlər təşkil olunur.