Ombudsman Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsini qəbul edib

Ombudsman Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsini qəbul edib
# 07 mart 2013 17:07 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi və konsulu Endrü Harveyi qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tanışlıq məqsədi daşıyan görüşdə Müvəkkil təsisatın fəaliyyətində insan hüquqları sahəsində maarifləndirmə işinə də böyük diqqət yetirildiyini söyləyib. Müvəkkilin təşəbbüsü ilə Bakıda və bir sıra regionların orta məktəblərində uşaq hüquqları üzrə pilləli tədris layihəsinin uğurla həyata keçirildiyi, təsisatda bununla bağlı dərslik və tədris vəsaitlərinin hazırlandığı, BDU-da insan hüquqları və gender bərabərliyi fənlərinin tədris olunduğu diqqətə çatdırılıb. İnsan hüquqları üzrə çoxsaylı nəşrlərin hazırlandığı, habelə ingilis dilindən çevrilərək çap olunduğu və yayıldığı vurğulanıb.

Görüşdə hüquqi təhsil proqramlarının yaradılmasının, Ombudsmanın regional mərkəzlərinin əməkdaşlarının insan hüquqları sahəsində bilik və bacarıqlarının daha da inkişaf etdirilməsinin, tanınmış beynəlxalq ekspertləri cəlb etməklə birgə treninq-seminarların təşkilinin, hüquq klinikaları ilə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi nəzərə çatdırılıb.

Qonaq səmimi qəbul və faydalı fikir mübadiləsi üçün E.Süleymanovaya təşəkkür edib, Ombudsmanın insan hüquqları sahəsində çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirib və onunla əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

Görüşdə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə məsul əməkdaşı G.Əhmədova iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR