Qənirə Paşayeva Gürcüstanın xarici işlər naziri ilə görüşüb

Qənirə Paşayeva Gürcüstanın xarici işlər naziri ilə görüşüb
# 25 aprel 2013 13:46 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli – APA. Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun sədri Qənirə Paşayeva Strasburqda Gürcüstanın xarici işlər naziri Maya Pancikidze, Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Tedo Çaparidze və nümayəndə heyəti üzvləri ilə görüşüb. APA-nın xəbərinə görə, Q. Paşayeva deyib ki, Azərbaycan-Gürcüstan münasibətləri ən yüksək səviyyəli strateji müttəfiqlik münasibətləridir və iki ölkə arasında yaxşı siyasi, iqtisadi və mədəni əlaqələr mövcuddur: “Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün pozulması kimi oxşar problemi var. Bunları həll etmək üçün biz daha güclü şəkildə biri-birimizə dəstək verməliyik”.

Millət vəkili Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə də toxunub və onların həlli istiqamətində Gürcüstanın yeni hökumətinin səylərini daha da artıracağına ümid etdiyini bildirib. Onun fikrincə, Azərbaycan və Gürcüstanın parlament üzvləri, parlamentlərarası dostluq qrupları və iki ölkənin parlament nümayəndə heyətləri AŞPA da daxil olmaqla, bütün beynəlxalq təşkilatlarda əməkdaşlığı daha da genişləndirməli, iki ölkənin ərazi bütövlüyünün təmin olunması istiqamətində əməkdaşlığı və işbirliyini daha da artırmalıdırlar.

Maya Pancikidze və Tedo Çaparidze də qeyd ediblər ki, hər iki ölkənin parlament üzvlərinin, beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin birgə fəaliyyətinin daha da güclənməsi, birgə səylərin daha da artırılması vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR