Təhsil Nazirliyi dərsliklərin hazırlanması ilə bağlı yeni təklifləri Nazirlər Kabinetinə təqdim edib

Təhsil Nazirliyi dərsliklərin hazırlanması ilə bağlı yeni təklifləri Nazirlər Kabinetinə təqdim edib
# 15 dekabr 2014 08:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Son 3 il ərzində Azərbaycanda müəyyən fənlərdən dərsliklərin hazırlanması üçün təklif belə verilməyib”. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov elektron resursların təqdimatında çıxışı zamanı deyib ki, 2012-ci ildə 2 fənn üzrə, 2013-cü ildə 3 fənn üzrə, 2014-cü ildə VII sinifdə 1, VIII sinifdə 2 fənn üzrə ümumiyyətlə, heç bir təklif verilməyib. O bildirib ki, bunlar əsasən xarici dillər (alman, fransız, bəzi hallarda artıq rus dili) üzrədir: “Bu da o deməkdir ki, mövcud çərçivədə tədris proqramı təsdiq olunub, şagird məktəbə gəlməlidir və dərslik olmalıdır. Amma mövcud çərçivədə dərsliyin yaradılması üçün maraq belə göstərən tərəf yoxdur. Bu da Təhsil Nazirliyinin, təhsil sisteminin üzərinə qeyri-adi vəzifə qoyur. Biz hamımız konteksti bilməli və bunun səbəbləri ayrıca müzakirə olunmalıdır”.


M. Cabbarov qeyd edib ki, bu sistemin kifayət qədər ciddi islahata ehtiyacı var. Bu nəticələrdən dərs çıxarmamağın qeyri-mümkün olduğunu deyən nazir əlavə edib ki, dərslikləri birmənalı şəkildə ən yaxşı mütəxəssislər hazırlamalıdır. Onun sözlərinə görə, hər bir halda öz sahəsində ən yaxşı olan mütəxəssis tərəfindən yaxşı dərsliyin yaradılması və yaxud, bu gün təhsil sistemində tətbiq olunan prinsiplər üzərində tədris materialının çatdırılması cavabını gözləyən suallardır: “Bu məsələdə Təhsil Nazirliyinin və təhsil sisteminin rolu həmin müəlliflərin müəyyənləşdirilməsi və onlara lazım olan alətlərin təqdim edilməsindən ibarətdir. Bu istiqamətdə təhlilləri həyata keçirərkən artıq müvafiq təklifləri hökumətə təqdim etmişik. Ümid edirik ki, yaxın zamanlarda dərsliklərin yaradılması texnoloji prosesində də yeni nailiyyətlər əldə edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR