Azərbaycanda bazarın sabitliyi şirkətlərə uzunmüddətli fəaliyyət planlaşdırmağa imkan verir.
“APA-Economics” xəbər verir ki, bunu II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində Avstriyanın PÖRNER şirkətinin Şərqi Avropa və MDB ölkələri üzrə satış direktoru Albert Traxler bildirib.
Albert Traxler Azərbaycanın regiondakı digər keçmiş SSRİ ölkələri ilə müqayisədə əsas fərqlərindən birinin bazarın sürətlə dəyişməsi və sabitləşməsi olduğunu qeyd edib.
“Əsas fərq odur ki, burada bir müqavilə imzalayıb işi görərək bazardan çıxmaq əvəzinə, bir il, beş il, on il üçün fəaliyyət planlaşdırmaq mümkündür. Siz növbəti onillikdə bazarı proqnozlaşdıra bilirsiniz”, – Albert Traxler bildirib.
Albert Traxler əlavə edib ki, belə uzunmüddətli perspektiv investorlar, maliyyə institutları və yerli istehsalçılar üçün də vacibdir. Bu, yerli şirkətlərə istehsal gücləri yaratmağa, yeni işçilər cəlb etməyə, onların təlim və təhsilinə investisiya qoymağa imkan verir.