Müstəqil Azərbaycanın ilk hərbi hissəsinin 21 illiyi qeyd olunub

Müstəqil Azərbaycanın ilk hərbi hissəsinin 21 illiyi qeyd olunub
# 09 oktyabr 2012 12:32 (UTC +04:00)
Bakı. Etibar Məmmədov-APA. Bakı şəhər Veteranlar Şurasında Azərbaycan Milli Ordusunun ilk hərbi hissəsi olan 701 saylı briqadanın yaradılmasının 21 illiyi münasibətilə tədbir keçirib. APA-nın məlumatına görə, tədbir veteranların Heydər Əliyevin məzarının və Şəhidlər Xiyabanının ziyarəti ilə başlayıb.

Tədbirdə çıxış edən 701 saylı hərbi hissənin Veteranlar Şurasının sədri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə briqada haqqında ətraflı məlumat verərək, onun şücaətindən, iştirak etdiyi əməliyyatlardan danışıb. Onun sözlərinə görə, 1991-ci ildə yaradılan, Laçın və Kəlbəcər rayonlarının işğalı zamanı təklənmiş hərbi hissə dağlıq ərazilərdə, iki istiqamətdə döyüş apararaq 2 ay müddətində müvəffəqiyyətlə müdafiə olunub: “Bütün çətinliklərə baxmayaraq, 701-ci briqada özündən dəfələrlə üstün düşmənin cəhdlərini boşa çıxararaq, idarəetməni, döyüş qabiliyyətini qoruyub saxlamağı bacardı. Briqada öz itkiləri bahasına Laçın və Kəlbəcər rayonlarının dinc sakinlərinin təxliyə olunmasına şərait yaratdı”.

Ə. Qənizadə bildirib ki, bu döyüşlərdə briqadanın 270-dən çox zabit və əsgəri şəhid olub, 200-dən çox hərbi qulluqçusu yaralanıb. O, keçmiş briqadada qulluq edənlərdən 4 nəfərin Milli Qəhrəman adına layiq görüldüyünü də diqqətə çatdırıb.

Sonra, Kəlbəcər rayonunun müdafiəsinə və 701-ci briqadanın xidmətlərinə həsr olunmuş filmin təqdimatı olub. Azərbaycan hərb tarixini araşdıran bu film yüksək qiymətləndirilib.

Tədbirdə 701-ci briqadanın keçdiyi şərəfli döyüş yolu barədə məruzələr dinlənilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR