DİN-in Veteranlar Şurasının sədri Ramiz Axundov: “Azərbaycanda cinayətkarlıqla mübarizəyə bütün ictimaiyyət cəlb olunub”

DİN-in Veteranlar Şurasının sədri Ramiz Axundov: “Azərbaycanda cinayətkarlıqla mübarizəyə bütün ictimaiyyət cəlb olunub”
# 22 sentyabr 2012 10:05 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Ramiz Axundov polisin fəaliyyətindən daşınıb. R. Axundov APA-ya bildirib ki, respublikada cinayətkarlıqla mübarizəyə bütün ictimaiyyət cəlb olunub: “Prezident İlham Əliyevin rəhbərliyi və hüquq-mühafizə orqanlarının fəaliyyəti, birgə səmərəli fəaliyyəti nəticəsində cinayətkarlıqla mübarizədə və ictimai asayişin təminində mühüm uğurlar qazanılıb, daxili sabitlik, insan və vətəndaş hüquq və azadlıqları nümunəvi təmin olunub. Əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayına görə ölkəmiz nəinki MDB, həmçinin Şərqi Avropa məkanında sonuncu yerlərdən birini tutur. Əgər statistikaya müraciət etsək o zaman görərik ki, təkcə cari ilin birinci yarısında respublikamızın ərazisində ümumən 12 minə yaxın cinayət qeydə alınıb. Həyata keçirilən uğurlu və məqsədyönlü tədbirlər nəticəsində cinayətlərin açılması ötən ilin 6 ayı ilə müqayisədə 3,8 faiz yaxşılaşaraq 87,2 faizə yüksəlib, açılmış cinayətlərin sayı 10 faiz və ya 861 fakt çox olub. Cinayətkarlıqla mübarizədə əldə olunan uğurlarda elmi-texniki tərəqqinin ən son nailiyyətlərindən geniş istifadə edilməsi, profilaktiki işin səmərəsinin xeyli artırılması ilə yanaşı, heç şübhəsiz ki, polis-vətəndaş münasibətlərinin daha da dərinləşdirilməsi istiqamətində görülmüş işlərin böyük rolu olub. Təcrübə göstərir ki, qeydə alınan cinayətlərin yarıdan çoxu məhz vətəndaşların kriminal hadisələr, yaxud hüquq pozuntuları barədə qabaqcadan polis orqanlarına məlumat vermələri, ictimaiyyətin fəal nümayəndələrinin, cinayətkarlıqla mübarizədə böyük təcrübə qazanmış sabiq əməkdaşların polis, prokurorluq və digər hüquq-mühafizə orqanları veteranlarının yaxından iştirakı ilə açılır. Məmnunluqla qeyd etmək istəyirəm ki, ümumilikdə ölkə və DİN rəhbərliyi vətəndaş-polis münasibətlərinin inkişafına həmişə böyük əhəmiyyət vermiş, bu dəstəyin polisin fəaliyyətində hər zaman vacib, əsas amillərdən biri olduğunu qeyd edib. Ötən ilin martında DİN Veteranlar Şurasının iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov daxili işlər orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində veteranların təcrübəsinin, bilik və bacarıqlarının daha geniş istifadəsi, ictimai təhlükəsizliyin təmini, cinayətlərin profilaktikası, açılması və cinayətkarların axtarışı tədbirlərinin planlaşdırılmasına və başqa məsələlərə daha fəal şəkildə cəlb edilməsini, bu işlə respublikanın bütün polis orqanları və veteranlarının əhatə olunması təşəbbüsünü irəli sürüb. Sonradan hörmətli nazirimizin bu təklifi xüsusi göstəriş şəklində nazirliyin bütün aidiyyatı orqanları qarşısında bir vəzifə kimi qoyulmuş, müvafiq tədbirlərin nazirliyin Veteranlar Şurası ilə qarşılıqlı əlaqədə həyata keçirilməsi tələb olunub. Bu addım Daxili İşlər Orqanlarında veteran hərəkatının yenidən qurulması və genişləndirilməsində həlledici rol oynayıb, respublikamızın demək olar ki, bütün ərazi polis orqanları yanında veteranlar şurası, onların normal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu gün polis veteranları cinayətkarlıqla mübarizəyə öz layiqli töhfələrini verirlər. Böyük həyat və xidmət yolu keçmiş, zəngin təcrübə qazanmış veteranlarımızın köməyi ilə neçə-neçə cinayət törətmiş şəxs tutularaq istintaqa verilib, baş verə biləcək hüquqa zidd əməllərin qarşısı alınıb.

Vətəndaşlarla münasibətlərin daha da genişlənməsinə xidmət edən amillərdən biri də polis orqanlarında "102 Zəng Xidməti"nin fəaliyyətə başlaması olub. "102"-yə zəng respublika ərazisində vətəndaşları narahat edən, gördükləri, şahidi olduqları hüquq pozuntuları barədə birbaşa polis orqanlarına məlumat verməyə imkan yaradır. Bu zaman həmin müraciətlərə polis tərəfindən operativ reaksiya verilir. Bir faktı xatırlatmaq kifayətdir ki, təkcə cari ilin 6 ayında «102» xidməti tərəfindən məişət zəminində baş vermiş 4000 hüquqazidd əməlin qarşısı alınib. Bundan əlavə, vətəndaşların polis orqanlarının növbətçi hissələrinə etdikləri 77.000 müraciət üzrə qanuni tədbirlər görülüb, 7 mindən çox vətəndaşa hüquqi yardım göstərilməsi təmin edilib.
Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 212, habelə əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində «isti izlərlə» 487, elmi-texniki vasitələrlə 1796 cinayət açılıb. Bu işdə vətəndaşlarla yanaşı, veteranların da müəyyən rolu olub və 2000-dən çox cinayətin açılmasında onlar da yaxından iştirak edib. Bu gün ayrı-ayrı KİV-lərdə vaxtilə xidməti qəbahətlərinə görə DİO-dan qovulan, yaxud yarımçıq xidmət edən, indi özlərini bu sahənin peşəkarları sayan bəzi dırnaqarası ekspertlər itkin düşənlərin, naməlum meyitlərin, cinayətkarların axtarışı ilə özlərinin - "yüksək potensiallı mütəxəssislərin, hüquqşünasların" məşğul olmalarının "vacibliyi" fikrini irəli sürürlər. Onlar, əsasən, inkişaf etmiş Qərb ölkələrinin təcrübəsindən çıxış edərək hətta bu məqsədlə bizdə də şəxsi detektiv institutunun yaradılmasını təklif edirlər.
Belələrinin qabaqcıl dünya təcrübəsindən danışmaları da formalizmdir, gözə kül üfürməkdir. Çünki yaxşı bilirlər ki, yuxarıda göstərilmiş səlahiyyətlərə malik detektiv institutu Qərb dövlətlərinin polis orqanlarının tərkibində fəaliyyət göstərir. Guya polis orqanlarının əməliyyat aparatlarının zəifliyini, peşəkarlıqlarının isə aşağı olmasını qeyd edən həmin "hüquq müdafiəçiləri"ndən soruşmaq istərdim ki, əməliyyat aparatı, peşəkarlığı zəif olan bir ölkənin polisi cinayətkarlıqla mübarizədə, asayişin nümunəvi təminində belə uğurları necə qazana bilər? İkincisi, hüquq-mühafizə fəaliyyəti barədə elementar anlayışı olan istənilən şəxs də təsdiq edə bilər ki, müstəqil, demokratik dövlət quruculuğu yolu ilə inamla addımlayan, bu istiqamətdə böyük uğurlar əldə etmiş respublikamızda ümumilikdə cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmin, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması kimi çətin olduğu qədər şərəfli, məsuliyyətli missiya Azərbaycan Konstitusiyası və digər normativ-hüquqi aktlarla güc strukturlarının, o cümlədən polis orqanlarının üzərinə qoyulub. Başqa dövlət və ya özəl qurumların, xüsusən hansısa şəxsi mühafizə və ya detektiv agentliklərinin belə fəaliyyətlə məşğul olması qanunla qadağandır.

Ayrı-ayrı mətbuat orqanlarında cinayətkarlıqla mübarizə ilə bağlı qərəzli fikirlər irəli sürən, bədbin proqnozlar verən belə dirnaqarası ekspertlərə bir daha xatırlatmaq istəyirəm ki, bu gün Azərbaycan polisinin sıralarında vətəninə, dövlətinə, xidməti borca sadiq, yüksək peşəkarlığa malik minlərlə polis əməkdaşı xidmət edir. Məhz onların gündəlik səyləri, gərgin zəhməti hesabına, eyni zamanda, vətəndaşların, ictimaiyyətin fəal iştirakı, polis, prokurorluq və digər hüquq-mühafizə orqanları veteranlarının yaxından köməyi ilə cinayətlərin 90 faizindən çoxunun açılması, cinayət törətmiş şəxslərin, itkin düşənlərin əksəriyyətinin tapılması təmin olunur. Ölkə ictimaiyyəti bu həqiqəti, polisin öz işinin öhdəsindən layiqincə gəldiyini görür, həmin reallığı gündəlik həyatında və fəaliyyətində hiss edir, polisə güvənir, daxili işlər orqanlarının sıralarında əsl peşəkar və təcrübəli polis əməkdaşlarının xidmət apardığını yaxşı bilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR